PREZİDENT İLHAM ƏLİYEV “İNPEKS” ŞİRKƏTİNİN SƏDRİNİ QƏBUL ETMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, martın 10-da Azərbaycan Prezidenti İlham Əliyev Tokioda, onun üçün ayrılmış iqamətgahda “İNPEKS” şirkətinin sədri Kunihiko Matsuonu qəbul etmişdir.
Şirkətin sədri Prezident İlham Əliyevlə görüşündən şərəf duyduğunu bildirdi və onunla iki il əvvəl olmuş görüşünü də xatırlatdı. Cənab Kunihiko Matsuo dedi ki, Azərbaycan siyasi, iqtisadi, sosial sahədə sürətlə inkişaf edir, ölkə tərəqqi yolundadır və biz bundan məmnunuq. Azərbaycan-Yaponiya iqtisadi forumu çox yüksək səviyyədə keçdi. Sizin nitqinizdə Azərbaycanın qonşularla, o cümlədən Xəzəryanı dövlətlərlə münasibətlərinə dair söylədiyiniz strategiya bizdə xüsusi təəssürat yaratmışdır və bunu düzgün siyasət hesab edirik. Yaponiya isə Azərbaycanla yaxın qonşu olmasa da, qəlbən qonşudur. Keçən il Tokioda Azərbaycan səfirliyinin açılması ikitərəfli əlaqələrə yeni təkan vermişdir.
Prezident İlham Əliyev Tokioda keçirdiyi görüşlərin, apardığı danışıqların Yaponiya ilə Azərbaycan arasındakı mövcud əməkdaşlığın daha da genişlənməsində mühüm rol oynayacağını bildirdi. Dövlətimizin başçısı dedi ki, biz Yaponiya ilə tərəfdaşlığa xüsusi əhəmiyyət veririk. Yaponiya şirkətlərinin Azərbaycandakı fəaliyyəti ölkələrimiz arasında münbasibətlərin daha da inkişafına kömək edir.
Görüşdə bir sıra konkret layihələrin həyata keçirilməsi, bölgədə vəziyyət və qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə geniş fikir mübadiləsi aparıldı.