PREZİDENTİN İCRA APARATINDA MÜŞAVİRƏ
Yanvarın 17-də Prezidentin İcra Aparatında 20 Yanvar faciəsinin 15-ci ildönümü ilə bağlı tədbirlər planının icrasının gedişinə həsr olunmuş müşavirə keçirilmişdir.
Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev müşavirəni açaraq bildirdi ki, Azərbaycanın müasir tarixinin ən faciəli, eyni zamanda, qəhrəmanlıq səhifələrindən biri kimi xalqımızın qan yaddaşında yaşayan 1990-cı ilin Qanlı yanvar günü ölkəmizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə rəşadət rəmzi kimi böyük əhəmiyyət kəsb edir. Xalqımız özünün mərd övladlarının xatirəsini dərin ehtiramla anır, bu faciəli hadisənin ildönümü ölkəmizdə hər il dövlət səviyyəsində qeyd olunur. Bu il də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 3 yanvar tarixli Sərəncamına əsasən geniş tədbirlər planı hazırlanmışdır və həyata keçirilir.
Müşavirədə aidiyyəti dövlət və hökumət qurumlarının rəhbərləri tədbirlər planının icrası ilə əlaqədar görülən işlər barədə məlumat verdilər. Bildirildi ki, yanvarın 10-dan başlayaraq, respublikanın bütün şəhər və rayonlarında, idarə, təşkilat və müəssisələrində, Azərbaycanın xarici ölkələrdəki səfirliklərində Qanlı yanvar faciəsi ilə bağlı müxtəlif tədbirlər keçirilir, 20 Yanvar şəhidlərinin ailələrinə humanitar yardım göstərilir. Yanvarın 19-da respublikanın bütün tədris müəssisələrində faciənin ildönümünə həsr edilmiş xüsusi dərs keçiləcəkdir.
Yanvarın 20-də Bakı metropoliteni səhər saat 6.00-dan pulsuz işləyəcəkdir.
Yanvarın 20-də Şəhidlər xiyabanını ümumxalq ziyarəti olacaqdır. Həmin gün matəm əlaməti olaraq, ölkəmizin hər yerində Azərbaycanın dövlət bayraqları endiriləcək, Bakı vaxtı ilə saat 12-də faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək, gəmilər, avtomobillər və qatarlar hərəkətini dayandıraraq fit verəcəkdir.
Müşavirədə tədbirlər planının dəqiq icrasını təmin etmək üçün müvafiq tapşırıqlar verildi.