ELM VƏ TƏHSİL
Professor Cahangir Məmmədli: Tələbələri azərbaycançılıq ruhunda yetişdirməyə çalışırıq
![Professor Cahangir Məmmədli: Tələbələri azərbaycançılıq ruhunda yetişdirməyə çalışırıq](/files/2024/1/1200x630/17083421505842221174_1200x630.jpeg)
Bakı, 19 fevral, AZƏRTAC
Prezident İlham Əliyev andiçmə mərasimində çıxışı zamanı bütün sahələrdə inkişaf perspektivlərini müəyyən etdi. Həmin mərasimdə verilən mesajlardan biri də gənclərin təhsili və tərbiyəsi ilə bağlı idi.
AZƏRTAC xəbər verir ki, bu sözləri Bakı Dövlət Universitetinin kafedra müdiri professor Cahangir Məmmədli Prezident İlham Əliyevin andiçmə mərasimindəki çıxışına münasibət bildirərkən deyib.
BDU-nun kafedra müdiri fikrinə davam edərək bildirib: “Hazırda ölkəmizdə elə bir gənc nəsil yetişib ki, onun inkişafını bir addım da ləngitmək olmaz. Çox doğru olaraq qeyd edildi ki, 44 günlük müharibənin əsas gücü, aparıcı qüvvəsi Azərbaycan gəncliyi idi. Həm də onların böyük əksəriyyəti, demək ola ki, hamısı ölkəmizin müstəqilliyi illərində yetişmiş gənclərdir. Gənclərin ürəyində böyük Vətən sevgisi var. Prezident İlham Əliyev gənc nəslin tərbiyəsində ailə və məktəb tərbiyəsini xüsusi vurğulayır. Onu da deyim ki, Azərbaycan ailəsinin müasir vəziyyəti yaxşı mənada arxayınlıq hissi yaradır. Hər şey ailədən başlayır və Vətən sevgisinin, el-oba sevgisinin bünövrəsi ailədə qoyulur”.
Vətən müharibəsi zamanı Bakı Dövlət Universitetinin 20 tələbə və məzununun şəhidlik zirvəsinə ucaldığını xatırladan professor deyib: “Şübhəsiz ki, Vətən sevgisi ailədən başlayır, lakin sonra həmin sevgi böyüməli, genişlənməli və inkişaf etməlidir. Bununla ailədən sonra təhsil müəssisələri - orta və ali məktəblər məşğul olmalıdırlar. Universitetdə işlədiyim 58 ildə hər cür gənclik görmüşəm. Ali təhsil ocağının qarşısında şəhidlərin xatirəsinə ucaldılmış abidə var. Hər səhər dərsə gələndə onun qarşısında tələbələrin ayaq saxlayaraq şəhidlərin xatirəsini yad etdiyini görürəm. Hətta yağışlı və qarlı havada onların bu ehtiramını müşahidə etmişəm. Əlbəttə ki, bu, Vətən sevgisi, onun uğrunda canını fəda edənlərin ruhu qarşısındakı vətəndaşlıq borcudur.
Bakı Dövlət Universitetinin 100 illiyik yubileyində Prezident İlham Əliyev yaddaqalan bir nitq söylədi. Həmin tribunadan müəllimlərə müraciət edərək tələbələri Vətən sevgisi ilə tərbiyə etməyi tövsiyə etdi. Dövlətimizin başçısının həmin müraciəti universitetin pedaqoqları üçün ciddi bir mesaj, fəaliyyət proqramı oldu. Andiçmə mərasimində isə Prezident İlham Əliyev vurğuladı ki, əsas vəzifələrdən biri gənc nəslin vətənpərvərlik ruhunda, milli ənənələr ruhunda tərbiyə olunmasıdır. Gənc nəslin tərbiyə edilməsi bizim gələcəyimizin təmin edilməsi deməkdir.
Həmin tövsiyələrə uyğun olaraq biz də tələbələri Ulu Öndər Heydər Əliyevin və onun siyasi kursunun layiqli davamçısı İlham Əliyevin göstərdiyi milli ideoloji xətt - azərbaycançılıq ruhunda yetişdirməyə çalışırıq”.