Prokurorluq orqanlarında işləmək istəyən namizədlər üçün test imtahanı keçirilir
Bakı, 10 oktyabr, AZƏRTAC
Prokurorluq orqanlarında işləmək istəyənlər üçün test imtahanı keçirilir.
AZƏRTAC xəbər verir ki, imtahan Ulu Öndər Heydər Əliyevin dövlət başçısı kimi 2001-ci il 19 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnamənin tələblərinə müvafiq olaraq elan edilmiş sayca 25-ci müsabiqənin ilkin mərhələsidir.
Baş Prokurorluq tərəfindən Dövlət İmtahan Mərkəzi ilə birgə keçirilən imtahan saat 10:00-da başlayıb və üç saat davam edəcək. Kompüterlər vasitəsilə elektron qaydada Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri Nəsimi rayonu Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən inzibati binasında keçirilən imtahanı qeyri-hökumət təşkilatlarının nümayəndələri müşahidə edirlər. Növbəti imtahan elə bu gün saat 15:00-da keçiriləcək.