CƏMİYYƏT
Psixoterapevt: Uşaqları istəklərinə və maraqlarına uyğun kurslara yönəltmək daha uyğundur
Bakı, 11 sentyabr, AZƏRTAC
“İlk dəfə məktəbə gedən şagirdin psixoloji hazırlığı üçün valideynlər məktəbin əhəmiyyətini uşaqlara ətraflı şəkildə izah etməlidir”.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram səhifəsində canlı yayım zamanı 2 saylı Kliniki Psixiatriya Xəstəxanasının klinik psixoloqu, psixoterapevt Rövşən Nəcəfov söyləyib.
Onun sözlərinə görə, valideynlər və uşaqlar öz həyatlarında olan dəyişikliyi doğru şəkildə anlamalı, məktəb həyatına adaptasiya olmalıdırlar: “Məktəb mühiti ilə uyğunluğu tezləşdirmək üçün müəllimlərdən və ya məktəb psixoloqundan tövsiyə almaq daha məqsədəuyğundur. Məktəbə getməzdən əvvəl müxtəlif əyani və vizual vasitələrin köməyi ilə uşaqda məktəb haqqındakı fikirlər tam formalaşır. Şagird məktəb haqqında nə qədər çox məlumatlıdırsa, o qədər psixoloji hazır hesab olunur”.
Psixoterapevt qeyd edib ki, uşaqları istək və maraqlarına uyğun kurslara yönəltmək sağlam yanaşma hesab edilir: “Bəzən valideynlər uşaqları üçün onların yaşlarına uyğun olmayan planlar qururlar. Anlamaq lazımdır ki, hər bir uşaq fərdidir və ona fərdi yanaşılmalıdır. Uşaq hər hansı məşğuliyyətdən qısa müddətdə yorulursa, deməli, ona məcbur edilir. Onlara yalnız dərslərə görə müəyyən qədər məcburiyyət göstərmək olar. Dərs oxumaq vərdiş olduğu üçün, onun yaranmasına dəstək vermək lazımdır”.