“PSJ” futbolçuları Neymar və Mbappe Fransa çempionatının ən yaxşı oyunçuları mükafatına iddia edirlər
Bakı, 3 may, AZƏRTAC
“Paris Sen-Jermen” komandasının futbolçuları braziliyalı Neymar və fransız Kilian Mbappe Fransa çempionatının 2018/2019-cu il mövsümündə ən yaxşı oyunçuların siyahısına daxil edilib.
AZƏRTAC “Liqa 1”in mətbuat xidmətinə istinadla xəbər verir ki, Neymar və Mbappe ilə yanaşı, bu mükafata “PSJ”nin argentinalı yarımmüdafiəçisi Anxel Di Mariya, “Renn” komandasının fransalı yarımmüdafiəçisi Ben Arfa və “Lill”in ivuarlı hücumçusu Nikolya Pepe də iddialıdırlar. Qeyd edilir ki, təklif olunan beş futbolçudan ən yaxşı oyunçu azarkeşlər arasında səsvermə yolu ilə seçiləcək.
“PSJ” aprelin 21-də Fransa çempionatının vaxtından əvvəl qalibi olub. 27 yaşlı Neymar Fransa çempionatında keçirdiyi 14 oyunda 13 qol vurub, 20 yaşlı Mbappe ölkə birinciliyinin 27 matçında iştirak edərək 30 topun müəllifidir. 31 yaşlı Di Mariya turnirin 25 oyununda 9 dəfə seçilib. 32 yaşlı Ben Arfanın aktivinə 24 oyunda 7 top, 23 yaşlı Pepenin hesabına isə 33 görüşdə 19 qol yazılıb.