QAÇQIN VƏ MƏCBURİ KÖÇKÜNLƏR TƏKCƏ AZƏRBAYCANIN YOX, BÜTÜN AVROPANIN PROBLEMİDİR
Nazirlər Kabinetinin Qaçqınların, məcburi köçkünlərin problemləri, miqrasiya və beynəlxalq təşkilatlarla iş şöbəsinin müdiri Qurban Sadıqov qonaqlara Ermənistanın, hərbi təcavüzü, etnik təmizləmə siyasəti nəticəsində yurd-yuvasından didərgin salınmış insanların həyat şəraitinin yaxşılaşdırılması üçün ölkə rəhbərliyinin gördüyü tədbirlərdən, bu işdə beynəlxalq qurumların iştirakından danışmış, çadır şəhərciklərinin ləğvi və Dövlət Neft Fondunun vəsaiti hesabına abad qəsəbələrin salınması barədə məlumat vermişdir.
Oleq Bilorus iki yataqxanada məcburi köçkünlərlə söhbət etmiş, onların şəraiti ilə tanış olmuşdur. Məcburi köçkünlər münaqişənin həlli məsələsində Azərbaycan Prezidentinin siyasətini dəstəklədiklərini, yalnız doğma yurda qayıtmaq arzusu ilə yaşadıqlarını vurğulamışlar.
ATƏT Parlament Assambleyası sədrinin müavini görüşdən sonra jurnalistlərə demişdir:
- Aldığım təəssürat çox ağırdır. Uşaqlığım faşistlər tərəfindən işğal olunmuş, aclığın və ölümün hökm sürdüyü ərazidə keçibdir. Lakin belə sarsılmamışdım. Dağlıq Qarabağdan və ətraf rayonlardan didərgin düşənlər təkcə Azərbaycanın yox, bütün Avropanın problemidir. XXI əsr Avropasında belə şey olmamalıdır. Dünya bunu bilməlidir və kütləvi informasiya vasitələri bu sahədə işi gücləndirməli, Qərbdə adamlar məlumatlandırılmalıdır. Bəlkə bundan sonra onlar baş verənləri özlərinin dərdi kimi qəbul edərlər. Mənim fikrimcə, beynəlxalq aləm Qarabağ münaqişəsi, onun ağır nəticələri barədə susur. Aydındır ki, bu, kiməsə sərf edir, ona lazımdır. Azərbaycanın müvafiq strukturları, o cümlədən qeyri-hökumət təşkilatları, beynəlxalq qurumlar problem barədə açıq, düzgün məlumat yaymalıdırlar. Dünya ictimaiyyətinə həqiqəti göstərmək lazımdır. Çünki bu münaqişə uzaqdan bir çoxlarına lokal bir münaqişə kimi görünə bilər. Əslində, bu, müasir dövrün böyük, bəşəri faciəsidir. Mən bilirəm ki, Azərbaycan hökuməti münaqişənin həlli üçün mümkün olan hər şeyi edir. Fikrimcə, nəticə o zaman olacaq ki, Dağlıq Qarabağ problemi beynəlxalq hüquq normaları, BMT-nin Nizamnaməsi, Təhlükəsizlik Şurasının məlum qətnamələri, ATƏT-in qərarları əsasında ədalətlə həll olunsun. Mən Azərbaycan Prezidentinin “Azərbaycan xalqının səbrinin həddi var” bəyanatını müdafiə edirəm. Bir çox ölkələr bu kəskin, lakin açıq və səmimi bəyanatı yaxşı anlayırlar. ATƏT-ə gəldikdə isə, biz problemin ədalətli həlli üçün səyimizi əsirgəməyəcəyik. Danışıqlar hələlik bir nəticə verməsə də, münaqişənin dinc yolla həlli üçün heç də bütün imkanlar tükənməyibdir. Ukrayna vətəndaşı, deputatı, parlamentdəki ən böyük fraksiyalardan birinin rəhbəri, xarici işlər komitəsi sədrinin birinci müavini kimi onu deyə bilərəm ki, mənim ölkəm ilk gündən bu barədə möhkəm mövqe tutmuşdur və bu mövqeyində qalır. Ukrayna Prezidenti Viktor Yuşşenko sentyabrda Bakıda səfərdə olarkən bəyan etmişdi ki, biz münaqişənin dinc yolla həlli üçün mümkün olan hər şeyi etməyə hazırıq.