Qahirədə 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir keçirilmişdir
Bakı, 2 aprel (AZƏRTAC). Azərbaycanın Misirdəki səfirliyindən AZƏRTAC-a daxil olmuş məlumatda bildirilir ki, Qahirədə 31 mart -Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anma mərasimi keçirilmişdir. Tədbirdə Misirdə yaşayan Azərbaycan və türk icmalarının nümayəndələri, Türkiyənin Misirdəki səfiri Hüseyn Botsalı, Misir universitetlərində təhsil alan azərbaycanlı tələbələr, Azərbaycan dilini öyrənən misirli tələbələr, yerli jurnalistlər, ictimai-siyasi xadimlər və başqaları iştirak etmişlər.
Tədbirdə çıxış edən Azərbaycanın Misirdəki səfiri Ş.Abdullayev XIX əsrdə ermənilərin kütləvi şəkildə Azərbaycan torpaqlarında məskunlaşdırılması, 1905-ci və 1907-ci illərdə Bakıda ermənilər tərəfindən qanlı hadisələrin törədilməsi, 1918-ci ilin martında Bakıda, Qubada, Şamaxıda və Azərbaycanın digər bölgələrində ermənilər tərəfindən törədilmiş qırğınlar, 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindən kütləvi şəkildə köçürülməsi, 80-ci illərin sonlarından başlayaraq, ermənilərin Azərbaycana qarşı həyata keçirdikləri terror və təcavüz siyasəti, xüsusilə Xocalı faciəsi barədə iştirakçılara ətraflı məlumat vermişdir.
Türkiyənin səfiri Hüseyn Botsalı çıxışında Azərbaycan xalqına qarşı törədilmiş mart qırğınlarının ermənilərin etnik təmizləmə siyasətinin bariz nümunəsi olduğunu qeyd etmiş, Türkiyənin həmişə Azərbaycanın yanında olduğunu bildirmiş, iki ölkə xalqlarının qardaşlıq əlaqəsi ilə bağlı olduğunu vurğulamışdır.
Ermənilərin soyqırımı siyasətinin qurbanı olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Mərasimdə ermənilərin Azərbaycana qarşı apardıqları terror siyasətindən bəhs edən film nümayiş etdirilmişdir.
Axırda səfirliyin bəyanatı yayılmışdır.