Qahirədə Fironların Qızıl Paradı adlı möhtəşəm tədbir keçirilib
Qahirə, 4 aprel, AZƏRTAC
Misir paytaxtında möhtəşəm mədəniyyət tədbiri - Fironların Qızıl Paradı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Misir Prezidenti Əbdülfəttah əl-Sisi, UNESCO-nun Baş direktoru Odri Azule, Dünya Turizm Təşkilatının Baş katibi Zurab Pololikaşvili, Səudiyyə Ərəbistanının turizm naziri Əhməd əl Xatib iştirak ediblər.
Parad Qədim Misir fironları və kraliçaların mumiyalarının olduğu 21 tabutun kahin libasında olan aktyorların müşayiəti ilə Qahirənin mərkəzi Təhrir meydanındakı Misir Muzeyindən ölkənin ilk İslam paytaxtı olan Fustatdakı Misir Sivilizasiyası Milli Muzeyinə aparılması ilə başlayıb. Rəsmi şəxslər mərasimi məşhur Misir dirijoru Nadir Abbasini idarə etdiyi filarmoniya xoru və orkestrinin ifası ilə ekranda izləyiblər. Mumiyaları daşıyan avtomobillər 45 dəqiqədən sonra yeni muzeyə çatdırılıb və eksponatları binanın qarşısında Prezident Əbdülfəttah əl-Sisi qarşılayıb. Fironların tabutunun önündə toplardan 21 yaylım atəşi açılıb.
Eyni vaxtda Təhrir meydanında olan və firon II Ramzesin dövrünə aid 17 metr hündürlüyündə obeliskin də açılışı olub.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə