“Qaliblər düşərgəsi”nin birinci günü iştirakçılar üçün maraqlı anlarla yadda qalıb
Bakı, 6 iyul, AZƏRTAC
Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəmanlarımızın övladları üçün təşkil olunan “Qaliblər düşərgəsi”nin birinci günü maraqlı məqamları ilə yadda qalıb.
AZƏRTAC xəbər verir ki, iştirakçılar “Mamajan” restoranında kulinariya dərsləri keçiblər. Əyləncəli dəqiqələr yaşayan “qaliblər” aşpazların müşayiəti ilə gürcü xəngəli hazırlayıblar. Onlara verilmiş resept əsasında bacarıqlarını nümayiş etdiriblər.
Düşərgənin iştirakçıları “Mən özümü necə inkişaf etdirim: Empatiya nədir?” mövzusunda təlimə də qatılıblar. “Business Development Center”in təlimçisi Eltac Cəbiyev iştirakçılara özünüinkişaf yolları, empatiyanın növləri və biznesdə əhəmiyyəti barədə ətraflı məlumat verib. Empatiya qabiliyyətinin insan həyatındakı müsbət tərəfləri izah olunub.
Günün ikinci yarısı da əyləncəli keçib. İştirakçılar üçün karate, rəqs və futbol dərsləri başlayıb.
“Qaliblər düşərgəsi” maarifləndirici və əyləncəli proqramlarla davam edir.
Düşərgə “For Azerbaijan” Xeyriyyə Təşkilatının təşəbbüsü və dəstəyi, Dövlət Miqrasiya Xidmətinin təşkilati dəstəyi ilə reallaşır.
“Qaliblər düşərgəsi” barədə daha ətraflı məlumatı https://forazerbaijan.org/ veb-saytından əldə etmək olar.