“Qaliblər düşərgəsi”nin iştirakçıları Dövlət Miqrasiya Xidmətinin rəisi ilə görüşüblər
Bakı, 7 iyul, AZƏRTAC
Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəmanların övladları üçün təşkil olunan “Qaliblər düşərgəsi” davam edir.
AZƏRTAC xəbər verir ki, “Qaliblər düşərgəsi”nin ikinci günündə iştirakçıların qonağı Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov olub.
Xidmət rəisi DMX-nin Vətəndaşlıq məsələləri baş idarəsinin rəisi Rza Talıbovla birgə uşaqlarla görüşüb, onların suallarını cavablandırıb. Vüsal Hüseynov Xidmətin fəaliyyət istiqamətləri və görülən işlər barədə məlumat verib.
Sonra uşaqlar Xidmət rəisinə məktəb və tələbəlik illəri ilə bağlı suallar səsləndiriblər.
Daha sonra günün qonaqları qaliblərlə birgə şam edib, iştirakçılara hədiyyələr paylayıblar.
Uşaqlar, həmçinin qonaqlarla birgə Bakı Uşaq və Gənclər Teatrının kollektivi tərəfindən hazırlanan tamaşaya baxıblar.
Qeyd edək ki, düşərgənin birinci günündə uşaqların digər qrupu da “Mamajan” restoranında aşpazların müşayiəti ilə gürcü xəngəli hazırlayıblar. Həmçinin gün ərzində onlara Elcan Cəbiyev tərəfindən “Mən özümü necə inkişaf etdirim: Empatiya nədir?”, Zəhra Həşimovanın təqdimatında isə “Mən özümü necə inkişaf etdirməliyəm: Yaddaşımı necə gücləndirim?” mövzularında təlimlər keçilib. İştirakçılar karate, idman və rəqs dərslərinə də qatılıblar.
Düşərgə “For Azerbaijan” Xeyriyyə Təşkilatının təşəbbüsü və dəstəyi, Dövlət Miqrasiya Xidmətinin təşkilati dəstəyi ilə reallaşır. “Qaliblər düşərgəsi” barədə daha ətraflı məlumatı https://forazerbaijan.org/ veb-saytından əldə etmək olar.