QANLI YANVAR FACİƏSİNİN 20-Cİ İLDÖNÜMÜ BRÜSSELDƏ QEYD EDİLMİŞDİR
Paris, 21 yanvar (AZƏRTAC). Azərbaycanın Belçika Krallığında və Lüksemburq Hersoqluğundakı səfirliyindən AZƏRTAC-ın xüsusi müxbirinə bildirmişlər ki, yanvarın 20-də səfirliyin Brüsseldəki mənzil-iqamətgahında Qanlı Yanvar faciəsi qurbanlarının xatirəsini anma mərasimi keçirilmişdir.
Mərasim müstəqillik uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır. Ölkəmizin Belçika Krallığında və Lüksemburq Hersoğluğundakı səfiri, Avropa İttifaqı yanında daimi nümayəndəliyimizin rəhbəri Emin Eyyubov mərasimi açaraq 20 Yanvar hadisələrindən danışmış, bu tarixin hər bir azərbaycanlının yaddaşında dərin iz buraxdığını və daim yaşadığını, şəhidlərimizin qanı hesabına artıq bu gün müstəqil, güclü və inkişaf etmiş Azərbaycan dövlətinin qurulduğunu qeyd etmişdir. O, ümummilli lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək faciəyə münasibət bildirmək üçün bura yığışmış soydaşlarımız və jurnalistlər qarşısında xalqımızın başına gətirilmiş faciəyə ciddi və sərt münasibət bildirdiyini, Azərbaycana rəhbərlik etdiyi dövrdə 20 yanvar faciəsinə əsl siyasi-hüquqi qiymət verildiyini xatırlatmışdır.
Sonra Azərbaycanın NATO yanında daimi nümayəndəliyinin rəhbəri səfir Kamil Xasiyev 20 Yanvarın yalnız faciə deyil, həm də qəhrəmanlıq tarixi olduğunu qeyd etmişdir.
Mərasim 20 Yanvar faciəsinə həsr edilmiş sənədli filmin nümayişi ilə davam etdirilmişdir.
Tədbirdə Azərbaycan diasporunun təmsilçiləri, tələbələrimiz, yerli KİV nümayəndələri və diplomatlar iştirak etmişlər.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
######
