Qanlı Yanvar faciəsinin 22-ci ildönümü ilə bağlı Səbail rayonunda silsilə tədbirlər keçiriləcəkdir
Bakı, 10 yanvar (AZƏRTAC). Səbail Rayon İcra Hakimiyyəti 20 Yanvar faciəsinin 22-ci ildönümünün keçirilməsi ilə bağlı silsilə tədbirlər planı hazırlamışdır.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, plana əsasən rayonun idarə və təşkilatlarında, təhsil müəssisələrində müxtəlif görüşlər, sərgilər, konfrans və “dəyirmi masa”lar təşkil ediləcək, faciəyə həsr olunmuş xüsusi dərslər, inşa yazıları, rəsm, şeir müsabiqələri keçiriləcək, mühazirələr oxunacaq, Qanlı Yanvarda həlak olan Vətən övladlarının xatirəsi ehtiramla anılacaqdır.
Yanvarın 17-dən 19-dək rayonun orta məktəblərində təhsil alan şagirdlərin Şəhidlər xiyabanına ziyarətləri təşkil olunacaqdır.
Şəhidlər xiyabanı ərazisində və onun ətrafında təmizlik və abadlıq işləri aparılacaqdır. Burada təmizliyin təmin edilməsi üçün əlavə işçilər cəlb olunacaqdır. Şəhidlər xiyabanına ziyarətə gələnlərin təhlükəsizliyi təmin olunacaq və nəqliyyat vasitələrinin hərəkəti tənzimlənəcəkdir.
Yanvarın 20-də rayondakı Bibiheybət ziyarətgah kompleksində, İçərişəhərdəki “Cümə” məscidində şəhidlərin xatirəsinə dualar oxunacaq və ehsanlar veriləcək, Qara Yanvar hadisələrində şəhid və əlil olanların ailələri humanitar yardımla təmin olunacaqlar.