Qarabağ əlili: Övladımla bərabər döyüşməyə hazıram
Qobustan, 2 oktyabr, AZƏRTAC
Nəhayət ki, Azərbaycan Silahlı Qüvvələri Dağlıq Qarabağ və ətraf yeddi rayonu işğal edən və uzun illərdən bəri “mənəm-mənəm” deyən erməni işğalçılarına öz gücünü göstərdi. Sentyabrın 27-dən bəri çoxlu sayda texnika və canlı qüvvə itirən erməni hərbi qüvvələri indi başlarını itiriblər. Qaçmaqdan, ya da təslim olmaqdan başqa çarələri qalmayıb.
Bu sətirləri AZƏRTAC-ın bölgə müxbirinə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qobustan rayon şöbəsində öz oğlunu döyüş bölgəsinə yola salan ikinci qrup Qarabağ müharibəsi əlili Azər Novruzov söyləyib: “Mən o vaxt Qarabağ savaşında iştirak etmişəm. Döyüşlərdə bir ayağımı da itirmişəm. İndicə övladımı cəbhəyə yola saldım. Vaxtilə torpaqlarımızın azadlığı uğrunda apardığımız mübarizənin indiki davamçıları sırasında olan oğlumla qürurlanıram”.
“Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə uzun illərdən bəri gözlədiyimiz qəti qələbəyə inanır və heç də uzaqda olmayan o tarixi günü səbirsizliklə gözləyirəm”, - deyən veteran döyüşçü “lazım gələrsə, mən özüm də övladımla bərabər döyüşərəm” söyləyib.