“Qarabağ” klubunun Çempionlar Liqasındakı rəqibləri öz çempionatlarında növbəti oyunlarını keçiriblər
Bakı, 28 avqust, AZƏRTAC
Futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsində Ağdamın “Qarabağ” komandasının rəqibləri öz çempionatlarında növbəti oyunlarını keçiriblər.
AZƏRTAC xəbər verir ki, Azərbaycan klubunun rəqiblərindən İngiltərənin “Çelsi” klubu “Everton”u qəbul edib. Oyunda londonlular Fransesk Fabreqas və Alvaro Moratanın vurduğu qollarla qələbə qazanıblar - 2:0. Hazırda “Çelsi” İngiltərə Premyer Liqasında üç turdan sonra altı xalla turnir cədvəlində 6-cı pillədə qərarlaşıb.
Çempionlar Liqasında “Qarabağ”ın digər rəqibi İtaliyanın “Roma” klubu isə öz meydanında “İnter”lə görüşüb. “Roma” Edin Dzekonun qolu ilə hesabı açsa da, ikinci hissədə qapısından üç top buraxıb - 1:3. “Roma” İtaliya çempionatında iki turdan sonra üç xalla 11-ci pillədə qərarlaşıb.
İspaniyanın “Atletiko Madrid” komandası isə səfərdə “Las-Palmas” klubu ilə qarşılaşıb və oyunda 5:1 hesabı ilə qalib gəlib. “Atletiko Madrid”in heyətində qolları Anxel Korrea, Yannik Karrasko, Koke (iki dəfə fərqlənib) və Tomas vurublar. Madrid komandası iki turdan sonra dörd xalla 4-cü yerdədir.
Xatırladaq ki, “C” qrupunda çıxış edəcək “Qarabağ” mübarizəyə Londonda başlayacaq. Sentyabrın 12-də keçiriləcək ilk oyunda Ağdam təmsilçisinin rəqibi “Çelsi” olacaq.