“QARABAĞ” YÜK GƏMİSİ İSTİSMARA VERİLMİŞDİR
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV MƏRASİMDƏ İŞTİRAK ETMİŞDİR
AZƏRTAC xəbər verir ki, iyulun 8-də Yaxt-klubun yerləşdiyi Bakı buxtasında “Qarabağ” yük gəmisinin istifadəyə verilməsi mərasimi olmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.
Dövlətimizin başçısını Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin rəisi Aydın Bəşirov qarşıladı. Sonra gəminin kapitanı Azərbaycan Prezidenti İlham Əliyevə məruzə etdi.
Dövlətimizin başçısı əvvəlcə gəminin yük göyərtəsinə baxdı. Sonra üst qatdakı göyərtədə gəminin kayutları, heyətin istirahət salonu, yeməkxana ilə tanış oldu.
Məlumat verildi ki, Xorvatiyanın Pula tərsanəsində inşa olunmuş gəmi öz göyərtəsinə əvvəlki gəmilərdən fərqli olaraq 28 yox, 52 dəmir yol vaqonu götürə bilir.
Bu gəmidən ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu TRASEKA nəqliyyat dəhlizində yükdaşımada istifadə olunacaqdır. “Qarabağ” gəmisi Türkmənistanın Türkmənbaşı və Qazaxıstanın Aktau limanlarından Bakıya və əks istiqamətlərə yük daşıyacaqdır.
Gəminin uzunluğu 154,5 metr, eni 17,5 metr, sürəti saatda 14 dəniz milidir. Tam yükgötürmə qabiliyyəti 5985 tondur.
Ən müasir naviqasiya avadanlığı ilə təchiz olunmuş gəmidə kompyuter idarəetmə sistemi quraşdırılmış, beynəlxalq konvensiyaların tələblərinə uyğun olaraq yüksək səviyyədə təhlükəsizlik tədbirləri görülmüşdür.
Vaqonlar gəmidə 2 göyərtəyə yüklənəcəkdir. Bunun üçün xüsusi lift quraşdırılmışdır. Gəmini 22 nəfərdən ibarət heyət idarə edəcəkdir.
Dövlətimizin başçısı kapitan körpüsündə gəminin istifadəyə verilməsini bildirən fitin düyməsini basdı.
Prezident İlham Əliyev “Qarabağ” gəmisinin kollektivinə uğurlar arzuladı.
######
![]() |
![]() |
![]() |


