SİYASƏT
Qarabağda olan terrorçular oradan çıxmazsa, Azərbaycan adekvat addımlar atacaq - Hərbi ekspert
Bakı, 3 may, AZƏRTAC
Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Laçın rayonunun ərazisindən keçən hissəsində sərhəd-buraxılış məntəqəsi qurulub. Çox qısa müddət sonra isə Ermənistandan Qarabağa və əks istiqamətə gedən ermənilərin Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfində sənəd yoxlanışından keçməsi ölkəmizin qətiyyətli uğurudur.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında hərbi ekspert Azər Bayramov söyləyib.
Hərbi ekspert qeyd edib ki, qarşımızda dayanan prioritet məsələlərdən biri də Laçın yolunda post qoyulduqdan sonra Qarabağda yerləşən separatçı qüvvələrin oradan çıxarılmasıdır. Azərbaycan Laçın yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qoyduqdan sonra Ermənistandan Qarabağa gedəcək hansısa qanunsuz canlı qüvvənin və yaxud da silah-sursatın daşınması artıq qeyri-mümkündür.
O bildirib ki, Ermənistanın dövlət olaraq mövqeyi aydındır. Bu ölkə imzaladığı heç bir sənədə və üzərinə götürdüyü öhdəliklərə əməl etmir. Azərbaycan İkinci Qarabağ müharibəsi bitdikdən sonra Laçının bir çox ərazilərindən, eyni zamanda, Ağdam və Kəlbəcərdən erməni silahlı birləşmələrinin çıxarılması üçün vaxt qoydu. Vaxt bitdikdə isə ermənilər məcbur şəkildə oradan çıxmaq məcburiyyətində qaldılar. Eyni təcrübəni də Qarabağda yerləşən separatçılar üçün tətbiq etmək lazımdır. Əgər Qarabağda olan ermənilər buna əməl etməzsə, Azərbaycan adekvat addımlar atacaq.
“Əlbəttə ki, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın müddəalarına əsasən Qarabağdakı erməni hərbi birləşmələri orada olmalı deyildi. Bütün bu proseslər isə Rusiya sülhməramlı kontingentinin Qarabağa gəlişi ilə paralel olaraq aparılmalı idi. Lakin biz bunun tam əksini müşahidə edirik. Belə ki, erməni separatçıları Qarabağda möhkəmlənmək üçün orada istehkamlar qurur, silah-sursat daşıyırdı. Azərbaycanla Ermənistan arasında şərti sərhəddə post qoyulması ilə onların bu cür qanunsuz əməllərinin qarşısı alındı, yolları bağlandı. Düşünürəm ki, ölkəmiz tərəfindən terrorçuların ərazilərimizdən çıxarılması üçün növbəti xəbərdarlıqlar olacaq. Əgər onlar bunu qəbul etməzsə, cavab tədbirləri həyata keçiriləcək. Bu proseslər də yeni uğurlarımızın növbəti mərhələsi olacaq”, - deyə hərbi ekspert vurğulayıb.