Qarabağda və Şərqi Zəngəzurda qısa müddət ərzində görülən işlər heyrətamizdir - Politoloq
Bakı, 29 avqust, AZƏRTAC
Prezident İlham Əliyevin istər Qarabağ iqtisadi zonasına, istərsə də Şərqi Zəngəzura səfərləri mühüm mesajları ilə yadda qalır. Bu mesajlar həm ölkə ictimaiyyətinə yönəlib, həm də xaricdə Azərbaycanın uğurlarına sevinən və sevinməyən qüvvələrə istiqamətlənib. Dövlətimizin başçısının həm Kəlbəcərə, həm də Laçına səfərləri Böyük Qayıdış strategiyasının uğurla həyata keçirildiyini göstərir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Ramiz Alıyev söyləyib.
Qarabağ və Şərqi Zəngəzurda qısa müddət ərzində görülən işlərin heyrətamiz olduğunu vurğulayan politoloq deyib: “Uzun illər işğal altında olmuş Laçın və digər rayonlarımızda sürətli tikinti-quruculuq işləri aparılır. Görülən işlərin nəticəsi olaraq artıq 1000-ə yaxın sakin öz tarixi torpaqlarına qayıdıb. Hazır evlər, mükəmməl infrastruktur, hamar yollar, yaşıl parklar, müasir məktəb və xəstəxanalar göz oxşayır. İndi hər kəs arzulayır ki, tezliklə öz doğma el-obasına qayıtsın. Təbii ki, o cür təbii gözəlliyi olan, dövlət tərəfindən daha da gülüstana çevrilən yerlərdə yaşamağı hər kəs arzu edir. İnsanlarımız o torpaqlara sevinə-sevinə dönürlər. Müharibədən əvvəl və az sonra bəziləri deyirdilər ki, məcburi köçkünlər ermənilər tərəfindən viran, xaraba günə qoyulmuş ərazilərə qayıtmayacaqlar. Bəziləri iddia edirdilər ki, Qarabağın bərpasına 10 illiklər lazımdır. Amma Azərbaycan Prezidentinin qətiyyəti və səyi nəticəsində bu gün xəyallar, arzular reallığa çevrilir. Planlı şəkildə atılan addımlar nəticəsində insanlar Böyük Qayıdış proqramında fəal iştirak edirlər. Dövlətimizin başçısının Kəlbəcərdə açılışını etdiyi müxtəlif layihələr, su elektrik stansiyaları, zavodlar burada yaşayacaq insanların sosial təminatının gücləndirilməsinə hesablanıb. Bilirsiniz ki, Kəlbəcər mineral suları ilə zəngindir. Bura turizm mərkəzi kimi böyük potensiala malikdir. Burada dağların yamacında salınan yollar, tunellər bir çoxları üçün möcüzəvi iş təsiri bağışlayır. Mümkün olmayanı mümkün edən, xəyalları gerçək edən dövlətimizin Laçının Qorçu kəndində inşasına start verdiyi hava limanı turistlərin bu bölgəyə rahat şəkildə gəlmələrini təmin edəcək. Mineral tərkibli İstisudakı sular müalicəvi əhəmiyyətə malikdir. Həm ölkə vətəndaşları, həm də xaricdən gələn turistlər bu mineral suların müalicəsindən yararlanmaq imkanı əldə edəcəklər”.
Ramiz Alıyevin sözlərinə görə, avqustun 26-da Laçının azad olunmasının şərəfinə keçirilən “Laçın Şəhəri Günü” tədbiri çox möhtəşəm oldu. Otuz ilə yaxın idi ki, biz Laçın haqqında ancaq nisgilli danışırdıq, oranı kədərlə xatırlayırdıq. Ermənilər Laçının və oradakı bütün yaşayış məntəqələrinin coğrafi adlarını dəyişdirmişdi. Qanunsuz məskunlaşma işləri aparırdı. Bu gün isə biz Laçındayıq, oranı gözəlləşdiririk. Prezident İlham Əliyev birinci xanım Mehriban Əliyeva ilə birlikdə bölgəyə mütəmadi səfərlər edir, görülən işlərlə yerində tanış olur, tapşırıq və tövsiyələrini verir. Dövlətimizin başçısı və xanımı Kəlbəcər və Laçında bir sıra obyektlərin təməlqoyma və açılış mərasimlərində iştirak etdilər, yerli sakinlərlə görüşüb söhbətləşdilər. İnsanların üzlərindəki sevinc, fərəh hisslərini görməmək mümkün deyildi. Ali Baş Komandan və xanımının azad olunan ərazilərə səfərləri orada yaşayan, çalışan insanlara təhlükəsizlik, güvən hissi bağışlayır, onlara güc, yaşam həvəsi verir.
“Prezident İlham Əliyev tədbirdəki çıxışında bildirdi ki, 50 illik yubileyində Ağcabədinin Taxtakörpü ərazisində Laçından olan məcburi köçkünlərlə görüşündə onlara dədə-baba yurdlarına qayıdacaqlarına söz verib. Laçında Şəhər Gününün qeyd olunması məhz Azərbaycan Prezidentinin laçınlılara verdiyi vədin yerinə yetirilməsi kimi də qəbul etmək olar. Bu tədbir dövlətimizin başçısının laçınlılara ən böyük hədiyyələrindən biri idi. Dünyada çox az sayda siyasətçi, dövlət başçısı var ki, onun sözünün imzası qədər çəkisi, təsiri olsun. Prezident İlham Əliyev Laçın Şəhəri Günü çıxışında bir daha bəyan etdi ki, bizim iradəmizə heç kim təsir edə bilməz. Ermənistan və onun havadarlarının anti-Azərbaycan təbliğatı, “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasına etirazları heç bir nəticə verməyəcək. Məntəqənin qurulması Azərbaycanın suveren hüququdur. Beynəlxalq hüquq da bizim tərəfimizdədir. Azərbaycan Prezidenti Laçındakı çıxışında bu məsələyə nöqtə qoydu”, - deyə politoloq vurğulayıb.