QASIRĞA “AZƏRBAYCAN HAVA YOLLARI”NIN İŞİNƏ TƏSİR GÖSTƏRMƏDİ
Azərbaycan ərazisindən keçən qasırğa güclü qar yağmasına və havanın xeyli soyumasına səbəb olmuşdur. Lakin hava şəraitinin kəskin şəkildə dəyişməsi “Azərbaycan Hava Yolları” Dövlət Konserninin normal işinə təsir göstərməmişdir.
Konsernin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, hər il qışa hazırlıq avqust ayında başlanır. Odur ki, qasırğa aviatorlar üçün gözlənilməz olmadı, çünki Konsernin aviameteorologiya xidmətləri son dörd gün ərzində onun hərəkətini peyk kanalları vasitəsilə izləmişdir.
Konserndən alınmış məlumata görə, onun bütün xidmətləri - istər Binə hava limanı, istərsə də Naxçıvan və Gəncə hava limanları mürəkkəb meteoroloji şəraitdə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İKAO) tələblərinə və normalarına müvafiq surətdə işləməyə hazır idilər. Qasırğa zamanı gecə-gündüz fövqəladə şəraitdə işləyən aviatorlar uçuşların təhlükəsizliyini təmin etmiş, bütün hava limanları fəaliyyətini bir an belə dayandırmayaraq, təyyarələri adi rejimdə qəbul edib, yola salmışdır.
Hazırda Bakı hava limanından digər ölkələrin mürəkkəb hava şəraitində köməyə ehtiyac duyan təyyarələrinin qəbul olunması üçün ehtiyat hava limanı kimi də istifadə edilə bilər.
Binə hava limanının normal fəaliyyətini təmin etmək üçün uçuş-enmə zolaqları, texnika üçün dayanacaqlar müasir aviasiya-perron texnikasının köməyi ilə çox qısa müddətdə qardan təmizlənmişdir. Təyyarələrin buz bağlamaması üçün onların səthinə xüsusi kimyəvi reagentlər çilənir.