QATI SİQARETÇƏKƏNLƏR QOCALANDA KOR OLA BİLƏRLƏR
Tədqiqatçıların məlumatına görə, siqaret çəkmək yaş makulodistrofiyası - mərkəzi görmə qabiliyyətinə cavabdeh olan tor qişasının mərkəzi hissəsinin degenerativ dəyişikliyi ehtimalını artırır. Ağır makulodistrofiya halları yaxşı görmə oriyentasiyasının, məsələn, avtomobil sürmək, yaxud kitab oxumaq qabiliyyətinin tamamilə itirilməsinə səbəb olur.
Alimlər ağır makulodistrofiya formalarından əziyyət çəkən 435 xəstənin və onlarla yanaşı yaşayan 280 adamın xəstəlik tarixçələrinin öyrənilməsi nəticəsində belə qənaətə gəlmişlər ki, xəstəliyin inkişafı gün ərzində çəkilən siqaretlərin sayından bilavasitə asılıdır. Belə ki, gündə bir qutunu boşaldan çoxillik stajlı qatı siqaretçəkənlər makulodistrofiyaya siqaret çəkməyən adamlara nisbətən üç dəfə çox məruz qalırlar.
Görmə qabiliyyətinin itirilməsi riski passiv siqaretçəkənlər üçün də artır. Qatı siqaretçəkənlərlə bir evdə 5 il müddətində yaşayan siqaret çəkməyənlər yaşla bağlı makulodistrofiyaya siqaret çəkənlərlə əlaqəsi olmayan şəxslərə nisbətən iki dəfə çox düçar olurlar.
Siqaret çəkməkdən vaxtında imtina edilməsi isə makulodistrofiya riskini normal səviyyəyədək azaldır. Bu zərərli vərdişdən canını qurtarıb, 20 il və daha çox müddət ərzində siqaretə toxunmayan keçmiş siqaret aludəçiləri yaşla bağlı görmə qabiliyyətinin itirilməsindən, olsa-olsa, heç vaxt siqaret çəkməyənlər qədər əziyyət çəkirlər.