QAX GƏNCLƏRİ BAYRAMLARINI YÜKSƏK NAİLİYYƏTLƏRLƏ QARŞILAYIRLAR
Qax, 31 yanvar (AZƏRTAC). 2 fevral - Gənclər Günü münasibətilə yanvarın 31-də Qax şəhərində bayram tədbiri keçirilmişdir.
İştirakçılar əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin abidəsinin önünə tər çiçəklər düzmüşlər.
“Min bir dad” restoranında keçirilən tədbirdə rayon gənclər və idman idarəsinin rəisi Əlövsət Bayramov Qax gənclərinin 2008-ci ildə qazandıqları uğurlar barədə danışmış, gənclərin milli vətənpərvərlik ruhunda tərbiyə edilməsinə, yaradıcılıq imkanlarının genişləndirilməsinə, təhsil və mədəni səviyyəsinin yüksəldilməsinə ölkə rəhbərliyi tərəfindən daim yüksək diqqət və qayğı göstərildiyini xüsusi vurğulamışdır.
Qeyd olunmuşdur ki, rayon gəncləri ötən ili yüksək nailiyyətlərlə başa vurmuşlar. Yeniyetmələrin VI Respublika Oyunlarının yekun nəticələrinə görə Qax idmançıları 2-ci yeri tutmuş, ali məktəblərə qəbul imtahanlarında 20 nəfərə yaxın məzun 600 baldan yuxarı nəticə göstərmişdir. Rayon gəncləri respublika və beynəlxalq səviyyəli müsabiqələrdə, sərgilərdə də böyük uğurlar qazanmışlar.
Gəncləri əlamətdar gün münasibətilə təbrik edən rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə Azərbaycanda dövlət gənclər siyasəti, bədən tərbiyəsi və idmanın inkişafının ümummilli liderimiz Heydər Əliyevin adı ilə sıx bağlı olduğunu bildirmişdir. Dövlətin gənclərlə bağlı siyasətinin hazırda yeni mərhələyə qədəm qoyduğunu xüsusi vurğulayan M.Əhmədzadə Prezident İlham Əliyevin 2005-ci il 30 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Gəncliyi Dövlət Proqramı”nın bu siyasətin daha da inkişaf etdirilməsinə yönəldiyini, gənclərin ictimai fəallığını artırmaq, dövlət idarəçiliyində aparıcı qüvvəyə çevirmək, onların sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədi daşıdığını bildirmişdir. Qeyd olunmuşdur ki, rayonda tikintisinə başlanılan Olimpiya İdman Kompleksi, Olimpiya Ehtiyatları İdman Liseyinin maddi bazasının möhkəmləndirilməsi üçün görülən işlər gələcəkdə rayon idmançılarının daha yüksək nailiyyətlər qazanmasına şərait yaradacaqdır.
Tədbirdə çıxış edən ziyalılar, ağsaqqallar, idarə və müəssisə rəhbərləri gələcəyimizin qurucuları olan gənclərə fəaliyyətlərində uğurlar arzulamışlar.
Tədbirin sonunda 2008-ci ildə dövlət qulluğu, təhsil, idman, incəsənət və digər sahələrdə fərqlənən gənclərə rayon icra hakimiyyətinin, gənclər və idman idarəsinin fəxri fərmanları, qiymətli hədiyyələri təqdim edilmişdir.
######
