QAXDA 2005-Cİ İLİN YEKUNLARIGENİŞ MÜZAKİRƏ OLUNMUŞDUR
İdarə, müəssisə və xidmət təşkilatları rəhbərlərinin, kənd icra nümayəndələri və bələdiyyə əməkdaşlarının, gənclər təşkilatı üzvləri və sahibkarların dəvət aldığı hesabat yığıncağının iştirakçıları əvvəlcə ulu öndərimiz Heydər Əliyevin abidə-kompleksini ziyarət etmiş, ümummilli liderin heykəlinin önünə əklillər qoymuş, gül-çiçək dəstələri düzmüşlər.
Yığıncaqda 2005-ci ilin yekunları və qarşıda duran vəzifələr barədə məruzə edən rayon icra hakimiyyətinin başçısı Abbas Göyüşov hesabat ilində sosial-iqtisadi və mədəni sahələrdə qazanılan uğurlardan danışmış, ölkəmizin başçısının müvafiq fərman və sərəncamlarının, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası ilə bağlı həyata keçirilən tədbirlərdən bəhs etmişdir.
Natiq bildirmişdir ki, Azərbaycan dövlətçiliyi üçün olduqca uğurlu keçən və müstəqillik tariximizə yeni mərhələ kimi daxil olan 2005-ci il ölkəmizdə həm də növbəti islahatlar dövrü kimi, eyni zamanda iqtisadi potensialın artımı, insanların həyat səviyyəsinin, sosial rifah halının yüksəlməsi, həmçinin geniş abadlıq və quruculuq işləri ilə də yaddaqalan olmuşdur. Müasir Azərbaycan dövlətçiliyinin banisi, ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və uğurla həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində respublikamızın hər bir yerində olduğu kimi, Qax rayonunda da iqtisadiyyatın bütün sahələrinin dinamik inkişafı təmin olunmuş, sosial məsələlərin həllinə, Dövlət Proqramlarından irəli gələn vəzifələrin yerinə yetirilməsinə diqqət xeyli artmışdır.
Məruzədə qeyd olunmuşdur ki, 2005-ci ildə rayonda mal və xidmətlərin buraxılışı 26,7 milyon AZN təşkil etmişdir ki, bu da əvvəlki illə müqayisədə 6,9 milyon AZN çoxdur. Fərəhli haldır ki, mal və xidmətlərin buraxılışının tərkibində sənaye məhsulları istehsalı ilbəil artaraq, hesabat ilində 5 milyon manata çatmışdır. Rayonun iqtisadiyyatının inkişafında, istehsal və xidmət sahələrinin genişləndirilməsində, işsizliyin azaldılmasında regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının çox böyük təsiri olmuşdur. Dövlət Proqramından irəli gələn vəzifələrin həll edilməsi nəticəsində rayonda mövcud potensialdan istifadənin səmərəliliyinin artırılmasına, istehsal müəssisələrinin fəaliyyətinin genişləndirilməsinə, ixrac yönümlü məhsul istehsalının stimullaşdırılmasına, sahibkarlığın daha da inkişaf etdirilməsinə münbit şərait yaranmışdır.
Hesabat dövründə rayonda “Bəzz” və “Alazançay” məhdud məsuliyyətli cəmiyyətlərinə məxsus yeni qum-çınqıl emalı sexləri, Qax şəhərində, habelə Qum və Qaşqaçay kəndlərində mineral su emalı müəssisələri, “Qax” firmasına məxsus yeni kərpic sexi istifadəyə verilmiş, “Qax-Toxucu” ASC, “Qax-Aqrotexservis” və ”MİTAEL” MMC-lərin fəaliyyəti bərpa edilmişdir. Yerli xammalın ilkin emalı müəssisələrinin, o cümlədən “OKMA” LTD və “ATİK” MMC-yə məxsus fındıq emalı müəssisələrinin işə salınması nəticəsində 2005-ci ildə rayonda məhsul istehsalının həcmi əvvəlki illə müqayisədə 3,5 dəfə artmışdır. Yeni müəssisələrin yaradılması, habelə fəaliyyətini dayandırmış müəssisələrin yenidən işə salınması nəticəsində son iki ildə rayonda 1956 yeni iş yeri yaradılmışdır.
Hesabat dövründə rayonda kənd təsərrüfatı məhsulları istehsalının həcmi əvvəlki illə müqayisədə 7,1 faiz, o cümlədən bitkiçilik məhsulları istehsalı 10 faiz, heyvandarlıq məhsulları istehsalı isə 2,8 faiz artmışdır. Rayon üzrə ÜDM-də kənd təsərrüfatı məhsulları istehsalının xüsusi çəkisi 65 faiz və ya 15,8 milyon manat təşkil etmişdir.
2005-ci ildə Heydər Əliyev Fondunun vəsaiti ilə Turaclı kəndində 220 şagird yeri olan yeni məktəb binası, habelə İlisu, Qaxingiloy və Ağyazı kəndlərində yeni ATS, Qıpçaq və Tasmalı kəndlərində isə yeni poçt binaları tikilib istifadəyə verilmiş, rayon mərkəzindəki böyük ənənələri olan şahmat məktəbi müasir tələblərə uyğun əsaslı təmir edilmişdir. Turizmin inkişafı istiqamətində işlər 2005-ci ildə də davam etdirilmiş, İlisu kəndinin ərazisində “Yaşıl Park” və “Uludağ” turizm bazalarının birinci mərhələsi istifadəyə verilmişdir.
Yığıncaqda rayon təhsil şöbəsinin müdiri Məmməd Xasıyev, Suvarma Sistemləri İdarəsinin rəisi İdris Sultanov, Telekommunikasiya Qovşağının rəisi Qazi Omarov, Gənclər və İdman İdarəsinin rəisi Əlövsət Bayramov, rayon polis şöbəsinin rəisi Bəylər Abbasov, sahibkar Zabit Əhmədov, Ağsaqqallar Şurasının sədri Hacı Nəzirov və digər xidmət təşkilatlarının rəhbərləri çıxış edərək görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışmış, problemlərə toxunmuşlar.
İclasda kənd təsərrüfatı nazirinin birinci müavini, Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyinin baş direktoru Əhməd Əhmədzadə və Prezidentin İcra Aparatının məsul işçisi Rəhim Abbasov çıxış etmiş, qarşıda duran vəzifələrdən danışmışlar.