Qaxda Beynəlxalq Muzeylər Günü qeyd olunmuşdur
Qax, 18 may (AZƏRTAC). Qax şəhərindəki Heydər Əliyev muzeyində 18 may - Beynəlxalq Muzeylər Gününə həsr olunmuş tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucaldılmış abidəsi önünə gül-çiçək düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
Sonra tədbir iştirakçıları rayonda fəaliyyət göstərən tarix-diyarşünaslıq və İsmayıl Dağıstanlının xatirə muzeylərinə baş çəkmiş, Heydər Əliyev muzeyində ümummilli liderin həyat və fəaliyyətini əks etdirən zəngin ekspozisiyaya baxmışlar.
Muzeyin konfrans zalında ziyalıların, mədəniyyət və muzey işçilərinin iştirakı ilə keçirilən tədbiri muzeyin direktoru Nərminə Omarova açaraq YUNESKO-nun təşəbbüsü ilə 1977-ci ildən etibarən mayın 18-nin Beynəlxalq Muzeylər Günü kimi qeyd olunduğunu diqqətə çatdırmış, Heydər Əliyev muzeyinin fəaliyyəti barədə məlumat vermişdir.
Rayon İcra hakimiyyəti başçısının müavini Ziyafət Xasıyeva, mədəniyyət və turizm şöbəsinin müdiri Nəzir Omarov, gənclər və idman idarəsinin rəisi Əlövsət Bayramov və digər çıxış edənlər muzey işçilərini əlamətdar gün münasibətilə təbrik etmişlər. Natiqlər milli-mənəvi sərvətlərimizin qorunması və gələcək nəsillərə çatdırılmasında muzeylərin rolunu yüksək qiymətləndirmiş, muzey işçilərinə gələcək fəaliyyətlərində uğurlar arzulamışlar. Xalqımızın mədəni sərvətlərinin qorunması və təbliğində Prezident İlham Əliyevin, həmçinin Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nin xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın xidmətləri xüsusi vurğulanmışdır.
Mayın 18-də rayonun bütün muzeylərində “Açıq qapı” günü elan olunmuşdur.
######
