Qazax Dövlət Dram Teatrında “Hürmüz və Əhrimən” tamaşası nümayiş olunub
Qazax, 20 iyun, AZƏRTAC
Qazax Dövlət Dram Teatrında Səməd Vurğunun 120 illik yubileyi münasibətilə onun “Hürmüz və Əhrimən” adlı poemasının əsasında hazırlanmış eyniadlı tamaşanın nümayişi olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ceyhun Vəlizadənin quruluş verdiyi səhnə əsərində xeyir və şərin əbədi mübarizəsindən bəhs olunur.
Tamaşanın rejissoru Allahverdi Musayev, quruluşçu rəssamı Samir Həsənov, musiqi tərtibatçısı Ceyhun Vəlizadədir. Rolları Ceyhun Vəlizadə, Vüsal Hüseynov, İlqar Hacaliyev, Aytac Cəfərova, Rüfət Əhmədov, Elvin Abbasov, Xaqan Qurbanov, Zəmanə Dərviş, Məmməd Hacalıyev, Kamil Məmmədov və Nəsimi Aşbazov canlandırıblar.
Tamaşanı izləyənlər arasında Azərbaycan Nəşriyyatlar Assosiasiyasının (ANAİB) təşkilatçılığı ilə Qazaxda keçiriləcək I Qazax Kitab Festivalına dəvət olunmuş quruma üzv nəşriyyatların nümayəndələri, təhsil işçiləri, səhiyyə işçiləri, mədəniyyət işçiləri və rayon ictimaiyyəti iştirak ediblər.
Müxbir - Ruslan Novruzoğlu