QAZAX MÜALİCƏ-DİAQNOSTİKA MƏRKƏZİ ƏTRAF RAYONLARIN SAKİNLƏRİNƏ DƏ XİDMƏT EDƏCƏKDİR
Azərbaycan Prezidenti İlham Əliyev mayın 30-da Qazax Müalicə-Diaqnostika Mərkəzinin tikintisi ilə tanış olmuşdur.
Mərkəzin ümumi tikinti sahəsi 6 min kvadratmetrdir. Üçmərtəbəli bina bu ilin avqust-sentyabr aylarında tam istifadəyə veriləcəkdir.
Təməli 2005-ci il oktyabrın 11-də Prezident İlham Əliyev tərəfindən qoyulmuş mərkəzin birinci mərtəbəsində funksional diaqnostika, təcili yardım şöbələri, ikinci mərtəbədə dializ şöbəsi və stasionar, üçüncü mərtəbədə isə cərrahiyyə-əməliyyat bloku yerləşəcəkdir.
Mərkəzin avtomobil dayanacağı, nasos stansiyası, istilik mərkəzi, yardımçı elektrik stansiyası olacaqdır.
Prezident İlham Əliyev tikinti işlərinin gedişi ilə tanış oldu, tövsiyə və tapşırıqlarını verdi. Dövlətimizin başçısı dedi ki, bu mərkəz ən müasir tələblərə cavab verməlidir, xarici görünüşü də yüksək səviyyədə olmalıdır. Tam istifadəyə veriləndən sonra xəstələr əziyyət çəkib Bakıya və digər şəhərlərə getməyəcəklər, burada istənilən müalicəni ala biləcəklər. Hətta qonşu Gürcüstanda yaşayan azərbaycanlılar da bu mərkəzin xidmətindən istifadə edə biləcəklər.