Qazax rayonunda altı piyada əleyhinə mina, bir top mərmisi aşkarlanıb
Bakı, 7 mart, AZƏRTAC
Martın 5-də 17:16-da Dövlət Sərhəd Xidmətindən (DSX) Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Qazax rayonunun Ağköynək, Cəfərli və Aslanbəyli kəndlərində xeyli sayda döyüş sursatının tapılması barədə məlumat daxil olub.
ANAMA-dan AZƏRTAC-a bildirilib ki, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupunun və DSX-nin Qazax sərhəd dəstəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Qurumun mütəxəssisləri və Qazax sərhəd dəstəsinin əməkdaşları qeyd olunan tarixdə Ağköynək kəndində baxış keçiriblər. Havanın qaranlıq olması nəzərə alınaraq, təhlükəsizliyin təmin edilməsi məqsədilə məlumatda qeyd olunmuş Cəfərli və Aslanbəyli kəndlərində əməliyyat-axtarış tədbirləri martın 6-da davam etdirilib. Nəticədə Aslanbəyli kəndində iki müxtəlif yerdə otlaq sahəsinə baxış keçirilib. Ərazi DSX-nin əməkdaşları tərəfindən əhatəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində altı piyada əleyhinə mina (OZM-72), iki partladıcı (MUV-4), bir tüstü şaşkası (DŞ-11) və bir 100 millimetrlik top mərmisi (OF-412) aşkarlanıb. Həmin sursatlar zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Mina və partlamamış hərbi sursatların ətrafında 400 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.