Qazaxda keçirilən “Heydər Əliyev irsinin biliciləri” bilik yarışının qalibi müəyyənləşib
Qazax, 26 yanvar, Elcan Məmmədov, AZƏRTAC
“Heydər Əliyev İli” çərçivəsində Qazax rayonu Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Ulu Öndər irsinin təbliği məqsədilə orta məktəb şagirdləri arasında “Heydər Əliyev irsinin biliciləri” adlı bilik yarışı təşkil olunub.
Regional Mədəniyyət İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, yarışdan əvvəl mərkəzin direktoru Ceyhunə Hüseynova və Qazax Rayon Təhsil Sektorunun aparıcı məsləhətçisi Təranə Səmədova çıxış edərək 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsinin əhəmiyyətindən və bilik yarışının təşkilinin məqsədindən danışıblar.
Sonra rayonun orta məktəblərinin şagirdləri 9 komandada 3 mərhələdə birincilik uğrunda mübarizə aparıblar. Azərbaycan xalqının Ümummilli Lideri, dahi şəxsiyyət Heydər Əliyevin həyatının və siyasi fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən yarış maraqlı və gərgin mübarizə şəraitində keçib. Qazax şəhər F.Şamoyev adına 4 nömrəli orta məktəbin komandası suallara düzgün cavab verməklə yarışın qalibi olub.
Sonda qalib komandanın üzvlərinə diplom və hədiyyələr verilib.