REGİONLAR
Qazaxda Şəhidlər xiyabanı ziyarət olunub
Qazax, 27 sentyabr, R.Novruzoğlu, AZƏRTAC
Qazaxda 27 Sentyabr - Anım Günündə şəhidlərin əziz xatirəsi anılıb.
AZƏRTAC xəbər verir ki, şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanında keçirilən anım tədbirində əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin ruhuna dua oxunub, əziz xatirələri yad edilib.
Çıxışlarda bildirilib ki, xalqımızın tarixinə qızıl hərflərlə yazılmış Vətən müharibəsinin başlanmasından 4 il ötür. Otuz ilə yaxın işğal altında qalan torpaqlarımız qəhrəman şəhidlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edilib. İndi Şuşada, Xankəndidə, Xocalıda, işğaldan azad olunmuş digər torpaqlarımızda üçrəngli Azərbaycan Bayrağı qürurla dalğalanır. Azərbaycan xalqı hər zaman mübariz oğullarının şücaətini yüksək qiymətləndirir, şəhidlərin xatirəsini uca tutur. Əbədiyyətə qovuşan şəhidlər öz adlarını Azərbaycan xalqının şanlı tarixinə əbədi yazdırıb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Sərəncamına əsasən Vətən müharibəsinin başladığı günün - 27 sentyabrın Anım Günü kimi qeyd edilməsi qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş bütün şəhidlərə dərin ehtiramın ifadəsidir.
Tədbir iştirakçıları şəhidlərin xatirəsinə ucaldılmış memorial önünə tər qərənfillər düzərək, igid Vətən oğullarına ehtiramlarını bildiriblər.
Saat 12:00-da respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.