REGİONLAR
Qazaxın Fərəhli kəndinin yolu təmir olunur VİDEO
Bakı, 25 sentyabr, AZƏRTAC
Qazax rayonunun yerli əhəmiyyətli Qazax-Yuxarı Əskipara avtomobil yolunun 13-cü kilometrindən ayrılan və Fərəhli kəndinə gedən yol əsaslı təmir edilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, uzunluğu 5 kilometr olan yolun Fərəhli kəndinə qədər olan hissəsi 3 kilometr, kəndin içərisindən keçən hissəsinin uzunluğu isə 2 kilometr təşkil edir. Burada hərəkət hissəsinin eni müvafiq olaraq 6 metr və 4,5 metr olmaqla dəyişir.
Hazırda yolboyu torpaq yatağının yararsız hissələri qazılıb çıxarılır, torpaq yatağının yerin təbii relyef səviyyəsindən qaldırılaraq inşası, qazılmış hissələrin yenidən bərpası və yolun müəyyən hissələrində normativ eninin alınması üçün genişləndirilmə işləri görülür. Bundan başqa, yararsız vəziyyətdə olan suötürücü borular yeniləri ilə əvəz edilir.
Daha sonra “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, yol əsasın alt və üst layının inşası və 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi işləri görüləcək, uzunluğu 15 metr, eni isə 8 metr olan mövcud, 1 aşırımlı körpü əsaslı şəkildə təmir ediləcək.
Layihənin sonuncu mərhələsində avtonəqliyyat vasitələrinin normal hərəkətini təşkil etmək məqsədilə zəruri yerlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, üfüqi nişanlanma xətləri çəkiləcək. İşlərin tərtib olunmuş qrafikə uyğun vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda texnika və canlıq qüvvə cəlb olunub.