Qazaxıstanlı deputat: “TEKNOFEST Azərbaycan” bütün dünyaya bir daha türkün gücünü nümayiş etdirdi
Bakı, 2 iyun, AZƏRTAC
Azərbaycanın Müstəqillik Günündə Bakıda Türkiyə və Azərbaycan prezidentlərinin iştirakı ilə keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalı hər bir türksoylunun qürur mənbəyi oldu. Bakıda keçirilən bu festival qardaş ölkələrimiz arasında dostluğun və birliyin daha bir parlaq nümunəsidir. “TEKNOFEST Azərbaycan” bütün dünyaya bir daha türkün gücünü nümayiş etdirdi.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Qazaxıstan Parlamenti Məclisinin deputatı Əbülfəz Xamedov bildirib.
Onun sözlərinə görə, “şahinlər”in və “Türk Ulduzları”nın Bakı səmasında ən çətin və maraqlı uçuş şouları türk düşmənlərinə bir daha açıq-aşkar xəbərdarlıq idi. Hər zaman sülhün, barışın, əmin-amanlığın və sabitliyin tərəfdarı olan Türkiyə və Azərbaycan yenə də birlik nümunəsi əks etdirdilər. Ümummilli lider Heydər Əliyevin dediyi kimi: "Biz bir millət, iki dövlətik".
“Babalarımızın 1932-1937-ci illərdə Qazaxıstana sürgün edilməsinə baxmayaraq, heç vaxt tarixi Vətənimizdən qopmadıq. Daim tarixi Vətənimiz Azərbaycanın uğuruna sevindik, kədərinə qəmləndik. Otuz il düşmən tapdağı altında qalan Azərbaycan torpaqlarının məhz Türkiyənin siyasi və mənəvi dəstəyi ilə Ali Baş Komandan İlham Əliyevin və xalqımızın siyasi birliyi sayəsində azad olunması tarixi Vətənimizin imicinin dünyada birə on artdığının şahidi olduq.
Təbii ki, Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, eyni zamanda, Nobel mükafatçısı Əziz Səncərin iştirakı ilə Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalı əsil vətənpərvərlik nümunəsi oldu. Həm Türkiyə, həm də Azərbaycanı bu münasibətlə təbrik edirəm", - deyə qazaxıstanlı deputat qeyd edib.