Qazilər SOCAR-da işlə təmin olunub
Bakı, 1 dekabr, AZƏRTAC
SOCAR-ın Təhlükəsizlik İdarəsində ikinci Qarabağ müharibəsinin daha 7 iştirakçısı işlə təmin edilib. İşə qəbul üçün İdarə tərəfindən elan olunan vakansiyalar üzrə 725 nəfərin müraciəti qeydə alınıb və onlardan 691 nəfər SOCAR tərəfindən keçirilən test imtahanında iştirak edib.
SOCAR-dan AZƏRTAC-a bildirilib ki, test imtahanından keçən 144 nəfərin fiziki göstəriciləri yoxlanılmış və bu mərhələni keçənlər növbəti - müsahibə mərhələsinə buraxılıblar. Müsahibə mərhələsindən 41 nəfər keçib. Onların arasında 44 günlük Vətən müharibəsində şücaət göstərmiş qazilərdən Sofiyev Yaqub Soin oğlu, Əsgərli Surxay Nazim oğlu, Zeynalov Zahir Mahir oğlu, Mehdiyev Rəşadət Yəhya oğlu, İsmayıllı İsmayıl Vidadi oğlu, Əbilov İsmayıl Mais oğlu, Həsənov Nurlan Məmmədrza oğlu da qənaətverici nəticə göstərərək, SOCAR-ın keçirdiyi işə qəbul müsabiqəsində qalib gələrək işə qəbul olunub.
Qəbul olunan yeni əməkdaşlar neft mədənlərinin, boru kəmərlərinin və neft sənayesinə aid digər obyektlərin mühafizəsində iştirak edəcəklər.
Xatırladaq ki, şəhid ailəsi üzvlərinin və qazilərin məşğulluğunun təminatına SOCAR-da xüsusi diqqət yetirilir. Hazırda təkcə Təhlükəsizlik İdarəsində 116 nəfər müharibə iştirakçısı və 9 şəhid ailəsi üzvü çalışır.