Qəbələdə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş şeir müsabiqəsinin qalibləri müəyyənləşib
Qəbələ, 19 yanvar, Mustafa Dadaşov, AZƏRTAC
Qəbələ rayonunda 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar yeniyetmə və gənclər arasında keçirilən “Şəhidlik ölməzlik, qəhrəmanlıq zirvəsidir” mövzusunda şeir müsabiqəsinə yanvarın 19-da yekun vurulub. Qəbələ rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı, rayon Təhsil Şöbəsinin dəstəyi ilə keçirilən müsabiqədə rayonun müxtəlif məktəblərini təmsil edən 20-dən çox şagird iştirak edib.
Rayon Gənclər və İdman İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, müsabiqənin keçirilməsində məqsəd Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş Qanlı Yanvar faciəsində şəhid olanların tariximizə qəhrəmanlıq salnaməsi yazdıqlarını, onların xatirəsinin yaddaşlardan heç zaman silinməyəcəyini və şəhidliyin müqəddəs bir zirvə olduğunu gənc nəslə çatdırmaq, həmçinin yeniyetmə və gənclərin bədii yaradıcılıq potensialını üzə çıxarmaq və inkişaf etdirməkdir.
Müsabiqənin açılış mərasiminin əvvəlində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Gənclər və İdman İdarəsinin rəisi Fəxri Soltanov çıxış edərək, tədbirin məqsəd və vəzifələri, 20 Yanvar faciəsinin baş vermə səbəbləri və acı nəticələri barədə danışıb, faciəni doğuran o vaxtkı ictimai-siyasi hadisələr haqqında məlumat verib.
Müsabiqə iştirakçıları torpaqlarımız uğrunda canlarından keçən şəhidlərimizə, Milli qəhrəmanlarımıza və vətənpərvərlik mövzusuna həsr olunmuş şeirlər səsləndiriblər.
Yekun nəticəyə əsasən, Əmrah Əzizov 1-ci yerə layiq görülüb. Rəsul Qasımov və Azərin Muradxan 2-ci, Aylin Həmidova, İnci Zakirli və Aqşin Xəlilli isə 3-cü yeri tutublar.
Qaliblər Gənclər və İdman İdarəsinin diplom və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.