Qəbələdə 31 mart soyqırımı qurbanlarının xatirəsi yad olunmuşdur
Qəbələ, 1 aprel (AZƏRTAC). Martın 31-də Qəbələ Rayon İcra Hakimiyyətində Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş toplantı keçirilmişdir.
Tədbirdə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Yığıncağı giriş sözü ilə acan rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev bildirmişdir ki, son iki əsrdə ermənilərin Azərbaycan xalqına qarşı düşünülmüş şəkildə həyata keçirdikləri genişmiqyaslı soyqırımı hadisələri nəticəsində yüzlərlə yaşayış məntəqəsi yerlə-yeksan edilmiş, yüz minlərlə azərbaycanlı qəddarcasına öldürülmüş, milyonla soydaşımız evindən, öz el-obasından didərgin düşmüşdür.
Toplantıda rayonun Vəndam qəsəbə 1 nömrəli orta məktəbinin müəllimi Rəşad Məmmədov, Qəbələ şəhər 1 nömrəli tam orta məktəbinin müəllimi Zibeydə Əhmədova, Kəlbəcər rayonundan məcburi köçkün İzzət Bayramov çıxış edərək azərbaycanlıların məruz qaldıqları faciələrin dünya ictimaiyyətinə çatdırılması, ermənilərin törətdikləri soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi istiqamətində Prezident İlham Əliyevin gördüyü işləri xüsusi vurğulamışlar.
İşğal altındakı torpaqlarımızın düşmən tapdağından azad ediləcəyinə, bu problemin beynəlxalq hüquq normaları çərçivəsində sülh yolu ilə ədalətli həll olunacağına əminlik ifadə edilmişdir. Ermənilərin azərbaycanlılara qarşı planlı sürətdə həyata keçirdikləri soyqırımı siyasətinin ayrı-ayrı mərhələləri və həmin qanlı hadisələri əks etdirən tarixi faktlar təbdir iştirakçılarının diqqətinə çatdırılmışdır.
Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Qəbələ rayonunun mədəniyyət müəssisələrində ədəbi-bədii tədbirlər keçirilmiş, orta məktəblərdə xüsusi dərslər təşkil olunmuşdur.