Qəbələdə Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş inşa yazı müsabiqəsinin qalibləri müəyyənləşib
Qəbələ, 24 fevral, Mustafa Dadaşov, AZƏRTAC
Qəbələ rayonunda Xocalı faciəsinin otuzuncu ildönümü ilə əlaqədar məktəblilər arasında keçirilən “Xocalı soyqırımı - qan yaddaşımız” mövzusunda inşa yazı müsabiqəsinə yekun vurulub. Qəbələ rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı, rayon təhsil şöbəsinin dəstəyi ilə keçirilən müsabiqədə rayonun müxtəlif məktəblərini təmsil edən 20-dək yeniyetmə və gənc iştirak edib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə rayon Gənclər və İdman İdarəsindən məlumat verilib.
Fevralın 24-də Qəbələ rayon Heydər Əliyev Mərkəzində müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə rayon Gənclər və İdman İdarəsinin rəisi Fəxri Soltanov və təhsil şöbəsinin müdiri Arifə Bayramova çıxış edərək, erməni millətçilərinin xalqımıza qarşı zaman-zaman həyata keçirdikləri soyqırımı siyasətindən bəhs edib, Xocalı faciəsinin acı nəticələrini konkret faktlarla diqqətə çatdırıblar. Bildirilib ki, Xocalı faciəsi XX əsrin ən dəhşətli və qəddarcasına törədilmiş qətliamlarındandır. Xocalı qırğını təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə insanlıq əleyhinə törədilmiş bir soyqırımıdır.
Diqqətə çatdırılıb ki, müsabiqənin keçirilməsində əsas məqsəd gənc nəsli Xocalı faciəsi barədə ətraflı məlumatlandırmaq və “Xocalıya ədalət!” beynəlxalq təbliğat və məlumatlandırma kampaniyasına dəstək verməkdir.
Müsabiqənin yekun nəticələrinə əsasən, Qəbələ şəhər 3 saylı tam orta məktəbin şagirdi Azərin Səlimova birinci yerə layiq görülüb. Məktəblilərdən Dilbər Xəlilova və Azərin Muradxan ikinci, Xədicə Mustafayeva, Fatimə Hafizova və Güllər Bağırova isə üçüncü yeri tutublar.
Qaliblər Gənclər və İdman İdarəsinin diplom və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.