Qəhrəmanlıq tariximizin “20 Yanvar” səhifəsi
Yevlax, 19 yanvar, AZƏRTAC
20 Yanvar Azərbaycan xalqının tarixinə təkcə faciə kimi yox, həm də mübarizlik, qəhrəmanlıq günü kimi daxil olub. Azərbaycan xalqı 20 Yanvarda hərbi, siyasi və mənəvi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu, Vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək, şəhid vermək əzmini bütün dünyaya nümayiş etdirib.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Yeni Azərbaycan Partiyası (YAP) Yevlax rayon təşkilatında 20 Yanvar faciəsinin 26-cı ildönümü münasibətilə keçirilən tədbirdə səsləndirilib. Tədbir iştirakçıları əvvəlcə Yevlax şəhərindəki Şəhidlər xiyabanını ziyarət edib, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının xatirələrinə ehtiramlarını bildiriblər.
YAP Yevlax rayon təşkilatının aparat rəhbəri Əli Quliyev tədbirdə çıxış edərək, Azərbaycan tarixinin azadlıq mübarizəsinin və qəhrəmanlıq salnaməsinin parlaq səhifələrindən olan 20 Yanvar faciəsindən, qanlı hadisəyə siyasi-hüquqi qiymət verilməsində, şəhidlərin adının əbədiləşdirilməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən danışıb. Bildirib ki, 20 Yanvar faciəsinin ildönümü ilə bağlı ölkəmizdə keçirilən tədbirlərin gənc nəslin milli vətənpərvərlik ruhunda tərbiyə olunmasında rolu böyükdür.
Tədbirdə 20 Yanvar faciəsinin şahidi olmuş Niyaz Hüseynovun qanlı hadisələrlə bağlı xatirələri dinlənilib. Faciənin 26-cı ildönümü ilə bağlı şəhər məktəbliləri arasında keçirilən inşa yazı müsabiqəsinin qalibi Tacir Əsgərov yazdığı inşanı oxuyub.
İnşa və rəsm müsabiqəsinin qalibləri YAP Yevlax rayon təşkilatı tərəfindən qiymətli hədiyyə və fəxri fərmanla mükafatlandırılıb. Tədbir iştirakçılarına 20 Yanvar faciəsini əks etdirən bukletlər paylanılıb.