Qənirə Paşayeva: Azərbaycan Prezidentinin islahatlarının məqsədi vətəndaş məmnunluğunun təmin edilməsidir
Bakı, 19 mart, Səadət Hakıyeva, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyev altıncı çağırış Milli Məclisin ilk iclasındakı nitqində hər birimizin qarşısına mühüm vəzifələr qoydu və bizi işimizdə daha məsuliyyətli olmağa çağırdı. Dövlətimizin başçısı qanunvericilikdə təkmilləşdirmə aparılmasının, daha çox keyfiyyətə diqqət yetirilməsinin, eləcə də yeni qanunların qəbul edilməsinin vacibliyini vurğuladı. Komitə sədri olaraq deyə bilərəm ki, mədəniyyətimizin müxtəlif sahələrinin inkişafı istiqamətində qanun bazasının möhkəmləndirilməsi üçün çox ciddi işlər görəcək və bu sahədə fəaliyyətimizi genişləndirəcəyik.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib.
“Düşünürəm ki, Prezident İlham Əliyevin Milli Məclisdəki nitqi müxtəlif dövlət qurumları, eləcə də parlament üzvləri də daxil olmaqla, hər bir Azərbaycan vətəndaşı üçün mesaj idi. Dövlət başçısının həyata keçirdiyi bütün islahatların mərkəzində Azərbaycan vətəndaşının məmnunluğu dayanır. Vətəndaşların daha yaxşı yaşaması, onların problemlərinin həlli Azərbaycan Prezidentinin diqqət mərkəzindədir. Bir sözlə, Prezidentin Milli Məclisin qarşısında qoyduğu vəzifələr çox önəmli idi. İnanıram ki, altıncı çağırış Milli Məclisin fəaliyyəti çox məhsuldar olacaq”, - deyə komitə sədri vurğulayıb.
Q.Paşayeva bildirib ki, hər bir xalqı dünyada tanıdan, ilk növbədə, onun mədəniyyətidir. Azərbaycan xalqı öz zəngin mədəniyyəti, qədim tarixi ilə hər zaman qürur duyur. “Biz müvafiq qurumlarla mədəniyyət sahəsinin daha da inkişafı üçün səylərimizi artıracağıq. Mədəniyyət komitəsi əlaqədar qurumlarla geniş müzakirələr aparmağı planlaşdırır. Biz mədəniyyətə aid müxtəlif sahələr üzrə aidiyyəti qurum rəhbərlərinin və nümayəndələrinin rəy və təkliflərini öyrənəcək və onların qaldırdıqları məsələlərin qanunvericilikdə öz əksini tapmasına çalışacağıq. İnanıram ki, mədəniyyətimizin daha da inkişaf etdirilməsinə təkan verəcək yeni qanunlar qəbul olunacaq. Mədəniyyətimizin dünyada daha geniş təbliği istiqamətində də səylərimizi artıracağıq. Bu məsələdə qanunvericilik bazasının möhkəmləndirilməsi mühüm şərtlərdəndir. Bu istiqamətdə də mədəniyyət komitəsi müvafiq qurumlarla daha sıx əlaqələr yaradacaq və əməkdaşlığı genişləndirəcək”, - deyə komitə sədri bildirib.
Komitənin ekspertlərlə də işləyəcəyini diqqətə çatdıran deputat bildirib: “Komitənin iclaslarında mədəniyyət sahəsi üzrə ekspertlər də iştirak edəcək və onların fikirləri dinləniləcək. Müzakirələr zamanı mühüm amillər diqqətdə saxlanılacaq. Məqsədimiz daha çox inkişafa nail olmaqdır. Azərbaycan Prezidentinin də qarşıya qoyduğu hədəf məhz budur: daha çox inkişaf, Azərbaycanın dünyada daha çox tanıdılması və vətəndaşlara xidmətin səviyyəsinin yüksəldilməsi”.