Qərbi Kaspi Universitetində tələbə və müəllim heyəti üçün seminar keçirilib
Bakı, 10 aprel, AZƏRTAC
“Heydər Əliyev İli”nə həsr edilmiş silsilə tədbirlər çərçivəsində Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən Qərbi Kaspi Universitetində 110 nəfərə yaxın tələbə və müəllim heyəti üçün “Pul siyasəti və onun əməliyyat çərçivəsi” mövzusunda seminar təşkil olunub.
AMB-dan AZƏRTAC-a bildirilib ki, seminar iştirakçılarına Mərkəzi Bankın elektron resursları, o cümlədən Maliyyə savadlılığı portalı (bizimpullar.az), Virtual təhsil platforması (edu.e-cbar.az) və Maliyyə məhsul və xidmətlərinin məlumat-axtarış sisteminə (infobank.az) dair ətraflı məlumat təqdim edilib. Daha sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzular ətrafında müzakirələr aparılıb.
Qeyd edək ki, Mərkəzi Bank tərəfindən maliyyə savadlılığı mövzuları üzrə müxtəlif hədəf qrupları üçün ənənəvi və onlayn seminarların təşkili davam etdirilir.