Qətər Əmiri yeni Baş naziri və hökumətin tərkibini təsdiq edib
Bakı, 7 mart, AZƏRTAC
Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Tani hökumətin yeni tərkibini təsdiq edib.
AZƏRTAC rəsmi QNA informasiya agentliyinə istinadla xəbər verir ki, Qətər Əmirinin sərəncamı ilə Baş nazirin müavini və xarici işlər naziri Şeyx Mohammed bin Abdulrahman bin Jassim Al Tani Qətər Dövlətinin Baş naziri təyin edilib. O, eyni zamanda, təkrarən xarici işlər naziri vəzifəsinə də təyinat alıb.
Qətər Əmirinin digər sərəncamı ilə Xalid bin Mohammed Al Attiyah Baş nazirin müavini vəzifəsinə təyin edilib. Həmçinin 19 nazirdən ibarət Nazirlər Kabinetinin yeni tərkibi də təsdiq olunub.
Yeni kabinetin ilk iclasında bir sıra məsələlər, o cümlədən Qətər Dövlətinin Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələrinin möhkəmlənməsinə dair Memorandumun ratifikasiyası, Dohada BMT-nin ofisinin açılması məsələləri müzakirə edilib.