Qətərin “Al-Sharq” qəzeti Azərbaycan səfirinin müsahibəsini dərc edib
Bakı, 6 dekabr, AZƏRTAC
Qətərin ərəbdilli “Al-Sharq” qəzetində Azərbaycanın bu ölkədəki səfiri Tofiq Abdullayevin ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 20-ci ildönümü ilə bağlı müsahibəsi dərc olunub. Bu barədə Azərbaycanın Qətərdəki səfirliyindən AZƏRTAC-a məlumat verilib.
Səfir dekabrın 7-10-da Dohada keçiriləcək beynəlxalq telekommunikasiya sərgisində Azərbaycan nümayəndə heyətinin də iştirak edəcəyini bildirib, ölkələrimiz arasında informasiya-kommunikasiya texnologiyaları sahəsində anlaşma memorandumunun imzalanması və birinci Azərbaycan-Qətər İKT biznes forumunun təşkilinin gələcək planlar arasında olduğunu söyləyib.
Diplomat iki ölkə arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu, Dohada Azərbaycan səfirliyinin fəaliyyətə başlamasından sonra mühüm ikitərəfli sənədlərin imzalandığını, bir çox sənədin üzərində isə hazırda iş getdiyini bildirib. Mütəmadi qarşılıqlı səfər mübadilələrinin münasibətlərin dərinliyinin təzahürü olduğunu bildirən səfir hər iki ölkə rəhbərinin bu münasibətləri daha da inkişaf etdirmək və möhkəmləndirmək niyyətini xüsusi qeyd edib.
Qətərin Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olduğunu xatırladan diplomat rəsmi Dohanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın mövqeyini birmənalı şəkildə dəstəklədiyini vurğulayıb.
T.Abdullayev bu yaxınlarda Azərbaycanın fövqəladə hallar, daxili işlər, iqtisadiyyat və sənaye nazirlərinin Qətərə səfərlərini xatırladıb, belə səfərlərin gələcəkdə də davam edəcəyini bildirib. Sərmayə qoyuluşu məsələsinə toxunan səfir qətərli sərmayədarları Azərbaycana investisiya yatırmağa çağırıb.
Azərbaycanın zəngin turizm potensialından bəhs edən T.Abdullayev Doha ilə Bakı arasında birbaşa hava uçuşlarının başladığı tarixdən hər iki ölkəyə turist səfərlərinin xeyli artmasının sevindirici hal olduğunu qeyd edib.
Kənd təsərrüfatı sahəsində də əməkdaşlıq üçün əlverişli şəraitin olduğunu qeyd edən səfir Qətər tərəfinin ərzaq təhlükəsizliyinə verdiyi önəmi nəzərə alaraq, bu sahədə də qətərli investorlar üçün ölkəmizdə hər cür imkanların mövcudluğunu vurğulayıb.