QƏZAYA UĞRAYAN AZƏRBAYCAN TƏYYARƏSİNİN “QARA QUTU”SU TAPILMIŞDIR
“Azərbaycan Hava Yolları” Dövlət Konsernindən AZƏRTAC-a bildirmişlər ki, “qara qutu” sahilin 50 metrliyində təyyarənin quyruq hissəsində aşkar edilmişdir. Qəzaya uğrayan hava gəmisinin bir hissəsinin düşdüyü yerdə axın güclü olduğundan axtarışlar son dərəcə çətinləşmişdi.
Zədələnmiş olan “qara qutu” ekspertiza üçün xarici ölkələrdən birinə göndəriləcəkdir. Ekspertiza 23 insanın həyatına son qoyan qəzanın səbəbləri barədə suala cavab verməlidir.
Xatırladaq ki, Bakı-Aktau (Qazaxıstan) reysini yerinə yetirən Azərbaycan təyyarəsi Heydər Əliyev adına beynəlxalq hava limanından qalxdıqdan bir neçə dəqiqə sonra radarların ekranlarından itmişdir. Bir neçə saat sonra onun parçaları Bakının 30 kilometrliyində, Xəzər dənizi sahilində aşkar edilmişdir. Həlak olanların cəsədləri və baqaj da sahil boyunca bir neçə kilometr sahəyə səpələnmişdir.
Hadisənin səbəbinin araşdırılması üçün Azərbaycan Prezidentinin Sərəncamı ilə Dövlət Komissiyası yaradılmışdır. Faciənin ertəsi günü bir qrup Ukrayna mütəxəssisi Azərbaycana gəlmişdir. Qrupa Ukrayna Dövlət Aviasiya Xidmətinin, Antonov adına Aviasiya Elmi-Texniki Kompleksinin, Xarkov aviasiya zavodunun və bu təyyarələr üçün mühərrik istehsal edən “Motor Siç” zavodunun mütəxəssisləri daxildirlər.
Qəza nəticəsində 18 sərnişin və 5 heyət üzvü həlak olmuşdur. Onların 8 nəfəri əcnəbi vətəndaşlardır.