QHT-lər: Martin Şultsun Azərbaycanla bağlı qərəzli çıxışı Avropa Parlamentinin obyektivliyinə kölgə salır
Bakı, 5 dekabr, AZƏRTAC
Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları Avropa Parlamentinin prezidenti Martin Şultsun noyabrın 26-da qurumun Strasburqda keçirilmiş plenar iclasında ölkəmiz haqqında səsləndirdiyi qərəzli fikirlərlə bağlı etiraz bəyanatları yayıblar.
Bəyanatlarda bildirilir ki, həmin fikirlər M.Şultsun bərabərhüquqluluq prinsipindən kənar, qərəzli siyasi mövqeyini nümayiş etdirir və bu da müstəqil Azərbaycanın daxili işlərinə qarışmaq cəhdidir. Bildirilir ki, Avropa Parlamentinin prezidenti indiyə qədər çıxışlarında Ermənistandan deportasiya edilmiş, doğma yurd-yuvalarından qovulmuş yüz minlərlə azərbaycanlının hüquqlarından, erməni silahlı qüvvələrinin qətlə yetirdiyi, müxtəlif fiziki və mənəvi zorakılıqlara məruz qoyduğu günahsız insanlardan, Ermənistanın işğalı altında olan Azərbaycan torpaqlarından bircə dəfə də olsun bəhs etməyib. Eyni zamanda, Avropadakı mövcud diskriminasiya halları Avropa Parlamentinin prezidentini qətiyyən narahat etmir. Belə görünür ki, onu daha çox Azərbaycanın əldə etdiyi nailiyyətlərə kölgə salmaq, Azərbaycan xalqını demokratik dəyərlərdən uzaq bir xalq kimi qələmə vermək mərəzi daha çox maraqlandırır.
Diqqətə çatdırılır ki, konkret cinayət əməllərində, o cümlədən vətənə xəyanətdə ittiham olunan şəxsləri söz, mətbuat və fikir azadlığının pozulması bəhanəsi ilə müdafiə etməyə çalışmaq Avropa Parlamenti kimi bir təşkilatın obyektivliyinə kölgə salır, bu qurumun qeyri-ciddi və qərəzli siyasi mövqeyindən xəbər verir. M.Şultsun qərəzli mövqeyindən aydın görünür ki, onun anti-Azərbaycan çıxışından qidalanan tərəfdaşları ölkəmizin dünyada mənfi imicinin formalaşdırılması üçün ona yalan məlumatlar ötürürlər. Avropa Parlamentinin prezidenti isə bu yalanları yoxlamağa nəinki səy göstərir, hətta canfəşanlıqla Avropa ictimaiyyətini həmin yalanlara inandırmağa çalışır.
QHT rəhbərləri M.Şultsun ölkəmizlə bağlı söylədiyi qərəzli və qeyri-obyektiv fikirləri birmənalı şəkildə rədd etdiklərini bildirir, Avropa ictimaiyyətini ikili standartlara xidmət edən bu siyasətə qarşı etiraz bildirməyə çağırırlar.