QHT sədri: Azərbaycan xalqı Ulu Öndərin zəngin irsini sadiqliklə davam etdirir
Bakı, 2 mart, AZƏRTAC
Azərbaycan xalqı hər zaman Ulu Öndər Heydər Əliyevin xatirəsini əziz tutur və onun zəngin irsini sadiqliklə davam etdirir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri Zərifə Quliyeva “Heydər Əliyev irsi, qadın siyasəti” mövzusunda martın 2-də keçirilən konfransda səsləndirib.
Ötən il “Heydər Əliyev İli”nin həm ölkə, həm də ölkədən xaricdə yüksək səviyyədə qeyd edildiyini diqqətə çatdıran QHT sədri deyib: “Heydər Əliyev fenomeninin ən mühüm göstəricilərindən biri də Azərbaycanda qadın hərəkatının inkişafına stimul verməsidir. Ölkəmizdə qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsi və dövlət səviyyəsinə qaldırılması məhz Ümummilli Liderin adı ilə bağlıdır. Ulu Öndər Heydər Əliyev qadınların idarəetmədə və sosial həyatın bütün sahələrində irəli çəkilməsinin vacibliyini həmişə vurğulayırdı”.
Xalqımızın qədirbilən və sədaqətli olduğunu diqqətə çatdıran Zərifə Quliyeva əlavə edib ki, Ermənistanın ərazi iddiaları qaldırdığı çətin bir məqamda Heydər Əliyev Azərbaycan xalqının yanında yer aldı və dövlətimizi məhv olmaq təhlükəsindən xilas etməyə müvəffəq oldu”.
İctimai Birliyin sədrinin sözlərinə görə, Azərbaycan qadınları ölkəmizdə ictimai-siyasi sabitliyin və əmin-amanlığın qorunması, milli dövlətçiliyimizin daha da möhkəmləndirilməsi istiqamətində əzmkarlıqla çalışırlar. Azərbaycan qadınları iqtisadiyyat, siyasət, elm, təhsil və digər sahələrdə öz sözlərini deməyi bacarırlar.
Zərifə Quliyeva müəllifi olduğu “Heydər Əliyev irsi, qadın siyasəti” adlı kitabın ərsəyə gəldiyini də diqqətə çatdırıb.