QILINCOYNATMA FEDERASİYASININ YENİ PREZİDENTİ SEÇİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, oktyabrın 11-də Milli Olimpiya Komitəsində Azərbaycan Qılıncoynatma Federasiyasının yeni rəhbərliyinin seçilməsi ilə bağlı konfrans keçirilmişdir.
Tədbirdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov son vaxtlar Qılıncoynatma Federasiyasında yaranmış durğunluqdan danışmış, bunun əsas səbəbini maliyyə çətinliyi ilə izah etmişdir. Nazir bildirmişdir ki, qılıncoynadanlarımızın beynəlxalq miqyaslı yarışlarda uğur qazana bilməmələri və bu idman növündə kütləviliyin olmaması da həmin səbəblə əlaqədardır. Halbuki, yaxın vaxtlaradək qılıncoynatma Azərbaycanda ənənəvi idman növlərindən biri olmuşdur.
A.Rəhimov Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun Qılıncoynatma Federasiyasına rəhbərlik etmək arzusunda olduğunu və bu təklifin məmnuniyyətlə qarşılandığını söyləmişdir. N.İbrahimovun Federasiya prezidentliyinə namizədliyinin irəli sürülməsi təklifi Azərbaycan Prezidenti, MOK-un rəhbəri İlham Əliyev tərəfindən də dəstəklənmişdir.
Səsvermə nəticəsində N.İbrahimov yekdilliklə Azərbaycan Qılıncoynatma Federasiyasının prezidenti seçilmişdir.
Federasiyanın yeni prezidenti göstərilən etimada görə minnətdarlığını bildirmiş, maliyyə və texniki problemlərin tezliklə aradan qaldırılacağına söz vermişdir. Qılıncoynatma Federasiyasının böyük gələcəyi olduğunu deyən N.İbrahimov, ölkəmizin bu idman növü üzrə beynəlxalq yarışlarda daha yaxşı təmsil olunması üçün səylərini əsirgəməyəcəyini, lazımi tədbirləri görəcəyini bildirmişdir.
Konfransda açıq səsvermə yolu ilə Yaşar Məmmədov Federasiyanın birinci vitse-prezidenti, Vahid Hacıyev vitse-prezident, İbrahim Məmmədov baş katib seçilmişlər.