QILINCOYNATMA ÜZRƏ BAKI BİRİNCİLİYİ BAŞLANMIŞDIR
Bakı, 26 yanvar (AZƏRTAC). Qılıncoynatma üzrə 1992-ci il təvəllüdlü və daha azyaşlı uşaqlar arasında Bakı birinciliyi başlanmışdır. Azərbaycan Qılıncoynatma Federasiyasının zalında təşkil olunmuş birincilikdə sablya, şpaqa və rapira növü üzrə 70-dək idmançı mübarizə aparır.
Qeyd edək ki, bu yaş qrupunda yarışlar 12 illik fasilədən sonra yenidən təşkil olunur. Açılış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov çıxış edərək, Azərbaycan Qılıncoynatma Federasiyasının (AQF) fəaliyyətini xüsusi vurğuladı. Ölkəmizin qılıncoynatmada böyük ənənələrə malik olduğunu xatırladan R.Abbasov idmanın bu növündə inkişafın hiss olunduğunu söylədi. O əvvəllər Bakıda “Babəkin qılıncı” turniri, habelə, xarici ölkələrin yığmaları ilə birgə təlim-məşq toplanışlarının keçirildiyini söyləyərək bu ənənənin bərpasının vacibliyini vurğuladı.
AQF-in baş katibi Ramin Məmmədov isə 12 illik fasilədən sonra belə yarışın təşkilinin əhəmiyyətini vurğulayaraq, Azərbaycanda artıq bu ildən başlayaraq benəlxalq turnirlərin təşkil olunacağını söylədi. Artıq may ayında müxtəlif ölkələrin iştirakı ilə təşkil olunacaq belə bir turnir Beynəlxalq Qılıncoynatma Federasiyasının təqviminə salınmışdır.
Azərbaycan Dövlət himni səsləndirildikdən sonra yarış açıq elan olundu.
Bakı birinciliyi yanvarın 28-də başa çatacaqdır.