Qırğızıstan parlamentinin sədri MDB-nin müşahidəçilər missiyası ilə görüşüb
Bişkek, 10 aprel, AZƏRTAC
Qırğızıstan parlamenti-Joqorku Keneşin sədri Talant Mamıtov Müstəqil Dövlətlər Birliyi (MDB) Parlamentlərarası Assambleyasının referendumu izləyəcək müşahidəçilər missiyası ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycanın MDB Parlamentlərarası Assambleyasındakı nümayəndəsi Aydın Cəfərov da iştirak edib.
Talant Mamıtov bildirib ki, Qırğızıstanda demokratik və şəffaf səsvermə keçirilməsi üçün hər cür şərait yaradılıb. O deyib ki, referenduma dövlət başçısının rolunun və məsuliyyətinin artırılması və parlamentin deputatlarının sayının 120-dən 90-a endirilməsi məsələləri çıxarılacaq. Bu layihənin həyata keçirilməsi üçün iki ay əvvəl ölkədə Konstitusiya Müşavirəsi yaradılıb, Əsas Qanunun layihəsi ictimaiyyətə təqdim edilib.
Çıxış edənlər referendumun yüksək səviyyədə keçirilməsi üçün hər cür şəraitin yaradıldığını, bu böyük siyasi kampaniyanın uğurla başa çatmasını arzulayıblar.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek