Qırğızıstan portalı oxuculara 20 Yanvar faciəsi haqqında ətraflı məlumat verib
Bişkek, 19 yanvar, AZƏRTAC
Azərbaycanın Qırğızıstandakı səfirliyinin materialları əsasında Bişkekdəki ca-news portalı 20 yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar geniş məqalə verib.
Məqalədə bildirilir ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu hissələri, daxili qoşunlar və xüsusi təyinatlı dəstələrin iri kontingenti Bakıya yeridilib, bir gecənin içində xüsusi qəddarlıq və görünməmiş vəhşiliklər törədilib. Nəticədə 147 insan qətlə yetirilib, 638 nəfər yaralanıb, 5 nəfər itkin düşüb və 841 şəxs əsassız olaraq həbs edilib.
Qeyd olunub ki, o vaxt Moskvada yaşayan ümummilli lider Heydər Əliyev 20 Yanvar faciəsindən bir gün sonra Azərbaycanın bu şəhərdəki daimi nümayəndəliyinə gələrək qanlı qırğını törədənlərin cinayət məsuliyyətinə cəlb olunmalarını tələb edib.
Materialda sovet ordusu tərəfindən Bakıda və ölkəmizin bir sıra digər ərazilərində törədilmiş vəhşiliklər haqqında da söhbət açılır. Bu qanlı faciənin törədilməsinə görə başda Mixail Qorbaçov olmaqla keçmiş SSRİ rəhbərlərinin məsuliyyət daşıdıqları vurğulanır. Diqqətə çatdırılır ki, bu faciənin törədilməsi beynəlxalq hüquq normalarına ziddir. Belə ki, Bakıda 5.45 kalibrli zəhərli güllələrdən də istifadə edilib və bu silahın istifadəsi də beynəlxalq qanunlarla qadağan olunub.
Məqalədə 20 Yanvar faciəsini əks etdirən fotoşəkillər də verilib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek