Qırğızıstanda Konstitusiyanın dəyişdirilməsi üzrə referendum və yerli şuralara seçkilər baş tutub
Bişkek, 11 aprel, АZƏRTAC
Bu gün Qırğızıstanda Konstitusiyanın dəyişdirilməsi üçün ümumxalq səsverməsi - referendum və yerli şuralara seçkilər başa çatıb.
AZƏRTAC xəbər verir ki, Konstitusiyaya düzəlişlər və əlavələr olunması ilə bağlı keçirilən referenduma Prezidentin səlahiyyətlərinin artırılması istiqamətində əsas normaların müəyyənləşdirilməsi və Joqorku Keneşdə (parlament) deputatların sayının 120-dən 90-a endirilməsi məsələləri çıxarılıb.
Qırğızıstan Mərkəzi Seçki Komissiyasının sədri Nurjan Şayldabekova jurnalistlərə bildirib ki, son məlumata görə, səs hüququ olan 3.3 milyon seçicinin 78 faizi səsvermədə iştirak edib. Bu da o deməkdir ki, referendum və yerli şuralara seçkilər baş tutub. Siyasi kampaniyanın ilkin nəticələri bir gündən sonra elan olunacaq.
Referendumu və yerli şuralara seçkiləri TÜRKPA-nın beynəlxalq müşahidəçi missiyasının tərkibində Azərbaycan Milli Məclisinin deputatı Vüqar İskəndərov, Azərbaycan Mərkəzi Seçki Komissiyasının üzvü İlkin Şahbazov, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasından Fərrux Cumayev və Müstəqil Dövlətlər Birliyinin Parlamentlərarası Assambleyasından Aydın Cəfərov izləyib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek