Qırğızıstanın “#ONE Magazine” jurnalında “Azərbaycanlıların soyqırımının 100 illiyi” adlı məqalə dərc edilib
Bakı, 8 iyun, AZƏRTAC
Qırğızıstanın “#ONE Magazine” jurnalının #55/2018 nömrəli buraxılışında “Azərbaycanlıların soyqırımının 100 illiyi” adlı məqalə dərc edilib.
AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucovun azərbaycanlıların soyqırımının 100 illiyi ilə əlaqədar mətbuat konfransının təşkil olunduğu bildirilib. Tədbirdə yerli və xarici KİV nümayəndələri ilə yanaşı, ölkədəki səfirliklərin diplomatlarının iştirak etdikləri qeyd olunub.
Məqalədə yazılıb ki, tədbirdə 100 il əvvəlki qanlı hadisələrlə bağlı tarixi məlumatı və arxiv kadrlarını, eləcə də Qubadakı “Soyqırımı Memorial Kompleksi” barədə informasiyanı özündə əks etdirən videosüjet nümayiş etdirilib. Bildirilib ki, Azərbaycan xalqı üçün ümumi faciəyə çevrilmiş bu qanlı hadisələr Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi - demokratik dövlətin qurulması ərəfəsində baş verib. Azərbaycan Prezidentinin sərəncamlarına əsasən, bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə yanaşı, azərbaycanlıların soyqırımının 100 illiyi qeyd edilir. Bakıdakı mart hadisələrinin 1918-ci ilin qırğınlarının başlanğıcı olduğu, bir neçə gün ərzində Bakı və ətrafda yaşayan dinc azərbaycanlı əhalinin azğın bolşevik-daşnak hərbi qüvvələri tərəfindən törədilən görünməmiş və dəhşətli qırğınlara və qarətlərə məruz qaldığı bildirilir. 100 il əvvəl olduğu kimi, müasir dövrdə də azərbaycanlı əhalinin məhv edilməsi ilə bağlı hadisələrin erməni millətçilərinin “böyük Ermənistan” yaratması ilə bağlı olduğu vurğulanıb.
Erməni millətçilərinin azərbaycanlılara qarşı birinci rəsmi və genişmiqyaslı silahlı qanlı aksiyaları 1905-1907-ci illərdə həyata keçirdiyi, bunun İrəvan və Zəngəzurda yüzlərlə yaşayış məntəqəsinin dağıdılması, yerli azərbaycanlı əhalinin məhv edilməsi və doğma yurdlarından qovulması ilə nəticələndiyi deyilib.
Qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidentinin 2009-cu il 30 dekabr tarixli Sərəncamı ilə azərbaycanlıların kütləvi qırğınlarının yeni faktlarını üzə çıxaran kütləvi məzarlıqda erməni millətçilərinin cinayətkar əməllərinin dünyaya çatdırılması və soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədi ilə Quba şəhərində “Soyqırımı Memorial Kompleksi” yaradılıb. Tədbir iştirakçılarının diqqətinə həmin kompleksin və 100 il əvvəl çəkilmiş soyqırımını əks etdirən fotoşəkillərdən ibarət stendlər təqdim edilib.
Məqaləyə tədbirin çoxsaylı fotoşəkilləri daxil edilib.