Qırğızıstanın tikinti nazirinin müavini: Şəhərlərin tikintisində yeni texnologiyaların istifadəsi zamanın tələbidir
Bakı, 19 may, AZƏRTAC
Qırğızıstan dağlıq ərazidə yerləşdiyi üçün burada şəhərsalma zamanı ilk növbədə seysmik zonalar nəzərdən keçirilməlidir. Bu gün şəhərlər insanların sadəcə yaşadığı yer deyil, eyni zamanda, iqtisadiyyatın inkişaf etdiyi bir məkandır. Bu baxımdan şəhərlərdə təhlükəsizlik məsələləri daim diqqətdə saxlanılmalıdır.
AZƏRTAC xəbər verir ki, bunu Qırğızıstanın tikinti nazirinin müavini İmanakulu Talan WUF13 çərçivəsində “Urban Expo” sərgisindəki Azərbaycan pavilyonunda keçirilən Türk Dövlətləri Təşkilatının Yüksək Səviyyəli Şəhər Dialoqunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, yenidən qurulan Çolpanata şəhərində hotellər və digər xidmət sahələrinin tikintisində yeni texnologiyalardan istifadə olunur.
“Qırğızıstan hökumətinin qəbul etdiyi qərara əsasən, 2050-ci ilə kimi paytaxt Bişkek şəhərində avtomobil tıxaclarının aradan qaldırılması nəzərdə tutulub. Bu istiqamətdə “ağıllı işıqfor”lar, “ağıllı parkinq”lər və istiqamətverici nişanlar quraşdırılacaq. Böyük şəhərlərin, böyük problemləri olur. Əhalinin mənzillə, ərzaq təhlükəsizliyi ilə təminatı, tıxaclar və digər amillər “xaotik” vəziyyət yaradır. Bu gərginliklərin aradan qaldırılması üçün yeni texnologiyaların tətbiqi daha da səmərəli olur. Şəhər mühitində ekoloji tarazlığı qorumaq çətindir. Sənaye müəssisələri, avtomobillər havanı çirkləndirir. Buna görə də yeni şəhərlərin tikintisi zamanı insanların yaşıl enerjidən istifadəsini təmin etmək vacib məsələdir və bunlar nəzərə alınmalıdır. Şəhərlər, eyni zamanda, turizm, iqtisadiyyat, mədəniyyət və sosial həyatı əks etdirən məkanlardır və bu baxımdan şəhərlərin tikintisində yeni texnologiyaların istifadəsi zamanın tələbidir”, - deyə nazir müavini fikrini tamamlayıb.