Pakistan nümayəndəsi: Azərbaycanın şəhərsalma təcrübəsini tətbiq etmək istəyirik
Bakı, 19 may, AZƏRTAC
Biz müasir şəhərlər, “Ağıllı şəhər” layihələri, dayanıqlı infrastruktur və yeni şəhərsalma modelləri üzərində işləyirik. Hazırda Pakistanda ilk sıfır karbon emissiyalı rayonun yaradılması istiqamətində mühüm addımlar atılır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən Pakistan nümayəndəsi Usman Nadeem Siddiqui bildirib.
O qeyd edib ki, Azərbaycanda həyata keçirilən “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələri onlar üçün uğurlu nümunə hesab olunur.
“Biz Azərbaycanın bu sahədəki təcrübəsini diqqətlə öyrənirik və əldə olunan yanaşmaları Pəncab əyalətində tətbiq etməyə çalışırıq. Müasir şəhərlərdə ictimai məkanların və yaşıl zonaların rolu olduqca vacibdir. Bu məkanlar havanın keyfiyyətinin qorunmasına, şəhər mühitinin daha rahat və sağlam olmasına, insanların həyat səviyyəsinin yüksəlməsinə xidmət edir. Bakıda müşahidə etdiyimiz təmiz və yaşıl şəhər mühiti bizi çox təsirləndirdi. Bu təcrübədən faydalanaraq onu öz ölkəmizdə tətbiq etməyi planlaşdırırıq”, – deyə Pakistan nümayəndəsi əlavə edib.